CƏMİYYƏT
DOST Agentliyində paralimpiyaçılarla görüş keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində XVI Yay Paralimpiya Oyunları mükafatçılarından bir qrupu ilə görüş keçirilib.
Görüş zamanı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov paralimpiyaçılarımızı ölkəmizi yüksək səviyyədə təmsil etdiklərinə görə təbrik edib, əlilliyi olan şəxslərə daim diqqətlə yanaşıldığını və agentliyin nəzdində Əlilliyi olan şəxslərin hüquqlarının monitorinqi üzrə komissiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, nüvə itələmə İdman növü üzrə XVI Yay Paralimpiya Oyunlarının qalibi Elvin Astanov qeyd edib ki, vətəndaşlara şəffaf şəkildə xidmət göstərən DOST mərkəzlərinin fəaliyyəti əlilliyi olan şəxslərin də sosial xidmətlərdən daha rahat yararlanmasına imkan yaradır.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat katibi Azər Tapdıqov agentliklə birgə həyata keçirilməsi nəzərdə tutulan “Çempionlara dəstək” layihəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, əlilliyi olan idmançıların uğurlarının təbliğ edilməsi fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya olunması üçün geniş imkanlar açacaq.