CƏMİYYƏT
DOST Agentliyinin əməkdaşları təşəkkürnamələrlə təltif ediliblər
Bakı, 10 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin imzaladığı əmrlə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) əməkdaşları təşəkkürnamələrlə təltif edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təqdimetmə tədbirində çıxış edən nazir müavini Anar Əliyev DOST Agentliyinin iki il əvvəl Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsis edildiyini xatırladıb. Onun dediyinə görə, yeni qaydaların tətbiq olunduğu DOST öz fəaliyyətində bəzən bir sıra çətinliklərlə üzləşsə də, qısa müddət ərzində özünü doğrultmağı bacarıb. Yeni brendin formalaşmasına, o cümlədən vətəndaş məmnunluğunun yüksək səviyyədə olmasına görə DOST-da çalışan əməkdaşların zəhməti xüsusi qeyd olunmalıdır.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, DOST ölkəmizin uğurlu bir brendinə çevrilməkdədir. Bu sahədə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin daim diqqəti hiss olunur.
Çıxışlardan sonra nazirlik tərəfindən hazırlanmış təşəkkürnamələr əməkdaşlara təqdim edilib.