CƏMİYYƏT


DOST Agentliyinin yaradılmasından 4 il ötür

Bakı, 9 avqust, AZƏRTAC

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) 4 yaşı tamam olur. DOST Agentliyi Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da 229 nömrəli Fərmanı ilə yaradılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində 154 dövlət sosial xidməti bir pəncərədən, şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək DOST mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib və onların həmin xidmətlərdən məmnunluq səviyyəsi 98,1 faiz olub.

DOST mərkəzləri şəbəkəsi ilbəil genişlənir. İndiyədək Bakı şəhərini və Abşeron rayonunu əhatə edən 5 DOST mərkəzi açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğaldan azad etdiyi ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanılıb. Artıq Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Paralel olaraq Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır.

“Çağrı Mərkəzi” tərəfindən isə ötən dövr ərzində 2,7 milyon vətəndaş müraciəti cavablandırılıb.

Fəaliyyəti dövründə DOST Agentliyi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksəkkeyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunması məqsədilə “Könüllü DOST” proqramını icra edib. Agentlikdə könüllülük fəaliyyəti 5 istiqamətdə - "Gənc DOST", "Gümüşü DOST", “İnklüziv DOST”, “Korporativ DOST” və "Distant DOST" altproqramları təşkil edilib.

DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, agentlik bu il 5 beynəlxalq mükafatla, o cümlədən Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı ilə təltif edilib. DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.