CƏMİYYƏT


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Müstəqillik və Uşaqların Beynəlxalq Müdafiəsi günləri qeyd olunub

Bakı, 27 may, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 28 May Müstəqillik günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib. Dövlət qurumlarının rəsmilərinin, QHT nümayəndələrinin, şəhid ailələrinin, həmçinin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən internat məktəblərindən olan uşaqların da iştirak etdiyi tədbirdə mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, ekspozisiya ilə tanışlıqdan sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib. Proqrama mərkəzin üzvlərindən ibarət kamera orkestrinin müşayiəti ilə klassik musiqi əsərləri, eləcə də müasir bəstəkarların yaradıcılığından nümunələr və xalq mahnıları daxil edilib. Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində nitq məhdudiyyətli uşaqlar mərkəzdə rəqs və teatr təlimlərinə cəlb ediliblər. Onlar peşəkar təlimçilərlə məşq ediblər. Tədbirdə nitq məhdudiyyətli benefisiarların təqdimatında “Arşın mal alan” operettasından səhnəcik və “Yallı” rəqsi ifa olunub.

Qeyd edək ki, Azərbaycan parlamentinin 2021-ci il 15 oktyabr tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun həmin tarixdə təsdiqlənib. Bununla da 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. 28 may tarixi Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

BMT Baş Assambleyası qərarına əsasən isə 1950-ci ildən etibarən hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu məsələ BMT-nın 1989-cu il noyabrın 20-də qəbul etdiyi Konvensiyada öz əksini tapıb. Uşaqların inkişaf, müdafiə, iştirakçılıq və yaşamaq hüququnu təsbit edən bu sənəd dövlətlərin üzərinə öhdəliklər qoyub. 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub. Bu Qanun həm konvensiyanın nəzərdə tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması, inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir. Prezident İlham Əliyev uşaqlarla bağlı məsələyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Birinci vitse-prezident Mehriban Əliyeva uşaq hüquqlarının qorunması, onların həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına yönəldilən layihələrə xüsusi dəstək verir. Azərbaycan hökuməti uşaq və gənclər siyasəti istiqamətində layihələrin hazırlanması və icrasını təmin edir, bu səpkidə müxtəlif tədbirlərin reallaşdırılmasına imkan yaradır. Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi belə uğurlu layihələrdəndir . Mərkəzdə gün ərzində 100-dən çox həssas təbəqədən olan uşaqlar müxtəlif istiqamətlər üzrə təlimlər alır, cəmiyyətə inteqrasiya edilirlər.

Bugünkü tədbirə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki sosial müəssisələrdən uşaqlar da cəlb olunublar. Məqsəd onlara inklüzivliyi, bərabərliyi, istedadın sərhəd tanımadığını aşılamaqdır. Nümayiş etdirilən ekspozisiya və konsert proqramı mərkəzin üzvlərinin istedadını göstərməklə yanaşı, onların mənəvi dünyasına nəzər salmağa imkan yaradır. Hər bir əsər, hər bir iş müəllifin yaradıcılıq təxəyyülünün ifadə tərzidir. Sərgidə benefisiarların qısa müddətdə ərsəyə gətirdikləri bədii oyma, floristika, keramika, təsviri incəsənət, denim art janrlarında 150-dən çox iş nümayiş olunur.

Məlumat üçün bildirək ki, ölkədə sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti uşaqlara dövlət qayğısının ildən-ilə artmasına, eyni zamanda müvafiq kateqoriyalardan olan uşaqların sosial təminatının mütəmadi gücləndirilməsinə yol açır. Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı reabilitasiya və sosial xidmətlər sistemi də təkmilləşdirilərək genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində nazirliyin Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti təmin edilib. Son illərdə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi istifadəyə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.