CƏMİYYƏT
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şagirdlər üçün maarifləndirici tədbir

















Bakı, 10 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində "İnsan hüquqları aylığı" çərçivəsində təlimlər təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təlimlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi sakinləri, dövlət və özəl təhsil müəssisələrində oxuyan şagirdlər cəlb olunub.
Fokus qrupu 12-15 yaş aralığında qızlar müəyyən olunmuş maarifləndirici təlimlərin məqsədi interaktiv formada qadın hüquqları, müvafiq situasiyalarda özünümüdafiənin hüquqi sahədə tənzimlənməsi ilə bağlı ümumi məlumatlandırmaqdan ibarətdir. Sosial-Pedaqoji və Psixoloji Dəstək departamentinin əməkdaşları Aydan Talışinskaya, Kəmalə Abbasova və Nəzrin Verdiyeva iştirakçılarla gender stereotipləri, gender əsaslı zorakılıq və digər istiqamətlərdə maarifləndirici mülahizələr və fikir mübadiləsi aparıb.
Tədbir çərçivəsində təlim iştirakçıları, o cümlədən dövlət və özəl təhsil müəssisələrinin şagirdləri üçün Mərkəzin xidmət istiqamətləri və yaradıcılıq studiyaları ilə tanışlıq imkanı yaradılıb. Növbəti təlimin Mərkəzdə təlim alan benefisiarların valideynlərinin və ya qəyyumların (himayəçilərinin) iştirakı ilə uşaqların təhsil hüquqları (inklüziv təhsil), valideynlərin sosial-psixoloji dəstək prosesinə cəlb olunması mövzusunda keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i İnsan Hüquqları Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən mayın 18-dən iyunun 18-dək ölkəmizdə "İnsan hüquqları aylığı” elan olunub.