CƏMİYYƏT
“DOST” Mərkəzlərində proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı fəaliyyət göstərəcək
Bakı, 27 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “DOST” Mərkəzlərində əhaliyə proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı fəaliyyət göstərəcək.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin proqram əsasında vətəndaşlara yalnız müraciətləri əsasında deyil, müraciət etmədikləri halda da əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə yaranan və ya yaxın müddətdə yaranacaq hüquqlarından faydalanmaq imkanı veriləcək. Belə ki, vətəndaşın müraciəti olmadan elektron informasiya sistemindəki mövcud məlumatlar əsasında onun sosial vəziyyəti tam araşdırılıb qiymətləndirəcək, hansı sosial xidmətdən yararlana biləcəyi barədə həmin şəxsə məsləhət və təkliflər veriləcək.
Hazırda elektron qaydada pensiya təyinatı bu sahədə proaktiv xidmətin bir nümunəsidir və avtomatlaşdırılmış pensiya təyinatına oxşar sistemin bütün sosial xidmətlər üçün tətbiqi əsas hədəflərdən biridir.