İQTİSADİYYAT
DOST-da çalışan könüllülər üçün maliyyə savadlılığı mövzusunda vebinar keçirilib
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfi və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində iş yerlərində, dövlət və özəl təşkilatlarda maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərin icrasını davam etdirir.
AMB-dan AZƏRTAC-a bildirilib ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışan 35 könüllü üçün “Məsuliyyətli borclanma” və “Rəqəmsal ödənişlər” mövzularında vebinar keçirilib. Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilmiş vebinarda qeyd olunan mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İş yerlərində maliyyə maarifləndirməsinə, müxtəlif təşkilat və qurumların əməkdaşlarının maliyyə bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank növbəti həftələrdə də qeyd olunan istiqamətlər üzrə vebinarların təşkilini nəzərdə tutur.