CƏMİYYƏT
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan olunub
Bakı, 24 iyul, AZƏRTAC
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyası əsasında innovativ yeniliklərin tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərin əhaliyə vahid standartlar əsasında “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkili sahəsində aparılan islahatlarla əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a Fonddan məlumat verilib.
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda keçirilən müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi dövlət sosial xidmətlərinin təşkilində DOST layihəsi əsasında innovativ yenilikləri, optimal və effektiv idarəçiliyi ehtiva edən yeni keyfiyyət mərhələsinə keçidin təmin olunması və sosial sahə üzrə genişmiqyaslı xidmətlərin əhaliyə vahid standartlar əsasında “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkilində layihənin mühüm üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə I yer üçün 1 nəfər - 1000 manat, II yer üçün 2 nəfər - 800 manat, III yer üçün 3 nəfər - 500 manat mükafat təqdim olunacaq. Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub. Qaliblər, həmçinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Yazıların qəbulu 2019-cu il 24 iyul tarixində başlayır və 2019-cu il 27 sentyabr tarixində başa çatır.