CƏMİYYƏT


“DOST” mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

Bakı, 3 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində əyani müraciət edənlərlə yanaşı, əhaliyə proaktiv xidmətlər də göstəriləcək. Belə ki, mərkəzlərdə elektron sistemlər üzərindən vətəndaşların bu və ya digər dövlət sosial xidmətinə, yaxud sosial təminat növünə (pensiya, müavinət, sosial yardım, əlillik və s.) hüququnun yarandığı müəyyən olunduğu təqdirdə bu barədə onlara əvvəlcədən müvafiq məlumat veriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məlumat sms-lə onların elektron ünvanına və ya telefonuna göndəriləcək. Yəni vətəndaş heç yerə müraciət etmədiyi halda, məsələn, bir aydan sonra pensiya və ya sosial müavinət hüququna malik olacağı barədə məlumat alacaq. Yaxud barəsində əlilliyin qiymətləndirilməsi üçün sistemə göndəriş daxil edilmiş vətəndaş qiymətləndirmənin nəticəsi barədə proaktiv formada məlumatlandırılacaq.

Qeyd edək ki, “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş və şəffaf proseduralarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması məqsədilə yaradılır. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.