DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNƏ İŞƏ QƏBULLA BAĞLI MÜSABİQƏ ELAN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya digər dövlət qurumları ilə birgə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan etmişdir.
Dövlət Komitəsində işə qəbul prosesi mövcud qanunvericiliyə uyğun olaraq test imtahanı və söhbətdən ibarətdir. Test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, söhbət isə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində yaradılmış Müsabiqə Komissiyası tərəfindən aparılacaqdır.
Müsabiqənin dövlət müəssisələrinin və əmlakın idarə edilməsi, dövlət əmlakından səmərəli istifadə, monitorinq və auditin təşkili, kadr, dövlət qulluğu və ərazi orqanları ilə iş, ictimaiyyətlə əlaqələr, informasiya və protokol işi, eləcə də informasiya texnologiyaları və proqram təminatı sahələrinə aid vəzifələr üzrə aparılması nəzərdə tutulmuşdur.
Müsabiqədə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ərazi şöbələri üzrə vakant yerlər təqdim olunmuşdur. Bakı, Gəncə və Mingəçevir şəhərləri, habelə Salyan, Beyləqan, Qazax, İmişli rayonları üzrə ərazi şöbələrində də müxtəlif vəzifələr üzrə müsabiqə keçiriləcəkdir.
Bundan əlavə, müsabiqədə komitənin hüquqi şəxs statuslu qurumu olan İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzi üzrə də vakant vəzifələr təqdim edilmişdir.
Vakant yerlərə işçilərin qəbulu zamanı «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, müvafiq profilli ali təhsili olan, eləcə də, Azərbaycan dilini mükəmməl bilən, kompyuter biliyi olan namizədlərə üstünlük veriləcəkdir.
Sənədlər oktyabrın 6-dək qəbul ediləcəkdir. Müsabiqə test imtahanı və söhbətdən ibarət olacaqdır. Ümumilikdə, müsabiqə 18 vakant vəzifəyə elan edilmişdir. İmtahanın vaxtı və test sualları ilə bağlı əlavə məlumatları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan əldə etmək olar.