ELM VƏ TƏHSİL
DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ DÖVLƏT QULLUĞUNA QƏBUL ÜZRƏ TEST İMTAHANI KEÇİRİLMİŞDİR
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, sənəd qəbulu bu il fevralın 23-dən 30 gün müddətində DƏİEDK-də yaradılmış müsabiqə komissiyasında aparılmışdır.
Namizədlər baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri üzrə aşağıdakı istiqamətlərdə aparılan müsabiqədə iştirak edirlər:
- dövlət müəssisələrinin və əmlakın idarə edilməsi;
- dövlət əmlakından səmərəli istifadə, torpaq və icarə münasibətləri;
- dövlət müəssisələrinin özəlləşdirilməsi;
- investisiyalar və investisiya layihələrinin ekspertizası;
- mülki hüquq və mülkiyyət məsələləri;
- informasiya və ictimai əlaqələr.
Namizədlərə “İmtahana buraxılış vəsiqəsi” və “Yaddaş kitabçası” paylanmışdır.
81 nəfərin namizədliyi qeydə alınmışdır. Vakant yerlərə ali təhsilli iqtisadçı, mühəndis-mexanik, inşaat mühəndisi, filoloq və digər mütəxəssislər sənəd vermişlər.
Namizədlər üç saat ərzində 100 test tapşırığına cavab vermişlər. Onlardan 80 sual namizədin sahə üzrə biliklərinin, 20 sual isə məntiqi təfəkkürünün qiymətləndirilməsinə yönəlmiş test tapşırıqlarıdır. Sualların hazırlanmasına müvafiq sahələr üzrə mütəxəssislər və alimlər cəlb olunmuşlar.
İmtahanda hər düzgün cavab 1 balla qiymətləndirilir. Testdə 80 və daha çox bal toplamış namizədlər müsabiqədə iştiraklarını davam etdirə bilərlər. Nəticələr imtahan başa çatdıqdan bir neçə saat sonra TQDK-nın İnternet saytında (www.tqdk.gov.az) yerləşdirilmişdir.
Namizədlər imtahanın nəticələri haqqında məlumat–arayışı sənədlərini bilavasitə təqdim etdikləri yerdən ala bilərlər.