RƏSMİ XRONİKA
DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Oktyabrın 11-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Prezident İLHAM ƏLİYEV görüşü açaraq dedi:
- Hörmətli cənab Prezident, hörmətli qonaqlar mən sizin hamınızı urəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!
Sizin Azərbaycana rəsmi səfərinizə çox böyuk əhəmiyyət veririk və əminəm ki, bu səfər bizim aramızda olan münasibətlərin inkişafında çox mühüm rol oynayacaqdır.
Rumıniya bizim üçün çox yaxın bir ölkədir, dost ölkədir. Biz Rumıniya tərəfindən həmişə dəstək görmüşük və bu dəstək indi də davam edir.
Çox şadam ki, bizim aramızda həm siyasi, həm iqtisadi, həm mədəni, həm də humanitar sahələrdə çox yüksək əməkdaşlıq mövcuddur. İndi bütün sahələrdə əməkdaşlıq etmək əzmindəyik və işbirliyimizin nəticələri çox uğurludur. Demək olar ki, biz müttəfiq ölkələrik və əminəm ki, gələcəkdə bizim aramızda əməkdaşlıq, birgə layihələr daha da sürətlə davam edəcək və xalqlarımız bölgədə daha da yaxın olacaqlar.
Səfər çərçivəsində bir neçə sazişin imzalanması nəzərdə tutulubdur. Beləliklə, bizim münasibətlərimizin hüquqi bazası möhkəmlənəcəkdir. Əminəm ki, keçirdiyimiz və keçirəcəyimiz danışıqlar, fikir mübadiləsi qarşıda duran bütün vəzifələrin həlli üçün çox əhəmiyyətli olacaq və gələcəkdə daha da geniş əməkdaşlıq edəcəyik.
Azərbaycanın Avratlantik strukturlarına inteqrasiya siyasətini Rumıniya həmişə dəstəkləmişdir. Biz bu dəstəyi hiss edirik, buna görə Sizə minnətdarıq.
Bizim ikitərəfli münasibətlərimizin istiqamətlərindən biri də məhz bu məsələlərdir. Hesab edirəm ki, bu sahədə də Rumıniyanın təcrübəsi bizim üçün çox önəmli ola bilər.
Sizi bir daha ürəkdən salamlayıram. Əminəm ki, Sizin səfəriniz çox uğurlu keçəcəkdir.
Sonra Rumıniya Prezidenti TRAYAN BESESKU çıxış edərək dedi:
- Cənab Prezident, çox sağ olun. İlk öncə məni Azərbaycana səfərə dəvət etdiyinizə görə, eyni zamanda, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycana bu gün etdiyim rəsmi səfərin əsas məqsədi məhz ondan ibarətdir ki, biz Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsində xüsusilə maraqlıyıq.
Biz siyasi və iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi önəm veririk. Eyni zamanda hesab edirik ki, ölkələrimiz təhlükəsizlik sahəsində də əməkdaşlıq etməlidir.
Biz Azərbaycanı Xəzər regionunda özümüzə dost və tərəfdaş ölkə hesab edirik. Düşünürük ki, bizim tərəfdaşımız olan Azərbaycan enerji təhlükəsizliyi baxımından bu gün Avropa bazarlarında çox yüksək rəqabət qabiliyyətinə malik ölkə ola bilər.
Rumıniya artıq NATO-nun üzvüdür və gələn il yanvarın 1-dən Avropa İttifaqının tamhüquqlu üzvü olacaqdır. Həmin təşkilatlarda üzvlüyümüzü nəzərə alaraq, Rumıniya bu çərçivədə Azərbaycanla ənənəvi ikitərəfli münasibətlərin inkişaf etdirilməsində xüsusilə maraqlıdır. Eyni zamanda, bu təşkilatlarda üzvlüyümüz baxımından biz bütün Avropa məkanında təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi sahəsində məsuliyyət daşıyan bir ölkə kimi çıxış etmək istəyirik.
Cənab Prezident, məni ölkənizə səfərə dəvət etdiyinizə görə, Sizə bir daha dərin təşəkkürümü bildirirəm.