İQTİSADİYYAT
DÖVLƏT BÜDCƏSİNDƏN BƏLƏDİYYƏLƏR ÜÇÜN AYRILAN VƏSAİTİN HƏCMİ 1 MİLYON MANAT ARTIRILACAQ
Komissiyanın sədri Zahid Qaralov demişdir ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı büdcə gəlirlərinin və xərclərinin artmasına səbəb olmuşdur. Gələn ilin dövlət büdcəsində bələdiyyələr üçün nəzərdə tutulan vəsaitin həcmi də yeni qiymətlərlə 1 milyon manat artırılaraq 3 milyon manata çatdırılmışdır (2005-ci ilin büdcəsində 10 milyard manat, yeni qiymətlərlə 2 milyon manat idi). Bu isə yerli özünüidarəetmə qurumlarına daha səmərəli fəaliyyət göstərməyə imkan verəcəkdir.
Bununla yanaşı, bəzi problemlər hələ də qalmaqdadır. Məsələn, hüquqi şəxslərdən alınan torpaq və əmlak vergilərinin də bələdiyyələrin büdcəsinə ödənilməsi vacibdir.
Maliyyə Nazirliyinin əməkdaşı qarşıdakı illərdə bu məsələnin həll olunacağının mümkünlüyünü bildirmişdir.
Sonra digər qanun layihələrinə baxılmışdır. Qeyd edilmişdir ki, “Vergilər Məcəlləsi haqqında” və “Sosial sığorta haqqında” qanunlara edilən dəyişikliklərdə bələdiyyələrin fəaliyyətinə aid heç bir müddəa yoxdur.
Sənədlərin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.