SİYASƏT
DÖVLƏT DUMASINA SEÇKİLƏRİN MÜŞAHİDƏÇİLƏRİ RUSİYA PAYTAXTINA GƏLİRLƏR
AZƏRTAC-ın xüsusi müxbirinin MDB İcraiyyə Komitəsindən aldığı məlumata görə, seçkilərin gedişini izləmək üçün Rusiya paytaxtına Birliyin bütün ölkələrindən 200-dən çox müşahidəçi gəlmişdir. Onlar seçkilər günü seçkilərin bütün aspektlərini, o cümlədən səsvermə prosesini izləmək, habelə inzibati hazırlığın səviyyəsini qiymətləndirmək üçün Moskva şəhərində və Rusiyanın müxtəlif regionlarında seçki məntəqələrində olacaqlar. Müşahidəçilər missiyasına MDB İcraiyyə Komitəsinin sədri Yuri Yarov başçılıq edir.
Mixail Zabelin AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, dekabrın 6-da MDB İcraiyyə Komitəsində müşahidəçilər missiyasının MDB İcraiyyə Komitəsinin rəhbərliyi ilə görüşü keçiriləcək və müşahidəçilərin iş proqramı, eləcə də seçki məntəqələri üzrə marşrutları müəyyənləşdiriləcəkdir.
Moskvada seçkilərin gedişini izləmək üçün Avropa Şurası Parlament Assambleyasından da müşahidəçilər gələcəklər.