SİYASƏT
DÖVLƏT DUMASININ RFKP VƏ “RODİNA” FRAKSİYALARI RUSİYA-UKRAYNA MÜQAVİLƏLƏRİNİN RATİFİKASİYASINA ETİRAZINI BİLDİRMİŞLƏR
AZƏRTAC-ın Moskvadan aldığı xəbərdə deyilir ki, aprelin 20-də Dövlət Dumasının Rusiya Federasiyasının Kommunist Partiyası və “Rodina” müxalifət fraksiyaları Azov dənizindən və Kerç boğazından birgə istifadədə əməkdaşlıq, habelə ikitərəfli sərhəd haqqında Rusiya-Ukrayna müqavilələrinin ratifikasiyasına etiraz əlaməti olaraq palatanın ümumi iclasını tərk etmişlər.
Onların nümayəndələri Sergey Rişulski və Dmitri Roqozin bildirmişlər ki, Kiyevin rusdilli əhali barəsində rəsmi siyasəti ilə əlaqədar palatanın müsbət qərar qəbul etməsi mümkün deyildir. RFKP və “Rodina” həmçinin bəyan etmişlər ki, Ukrayna teleefirində rus dilində verilişlərin yayımlanması üzərində qadağaya Rusiya parlamentinin aşağı palatası öz mövqeyini açıqlamayınca, bu məsələlərin müzakirəsini boykot etmək niyyətindədirlər.