İQTİSADİYYAT


DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ İRANLI İŞ ADAMLARI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Avqustun 8-də Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamları ilə görüş keçirilmişdir.

DGK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitənin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov İran İslam Respublikası iqtisadiyyat və maliyyə nazirinin müavini, Gömrük İdarəsinin baş direktoru Masud Karbasianın Azərbaycana səfərindən istifadə edərək, iranlı tacirləri gömrük işi ilə bağlı düşündürən məsələlərdə açıq dialoqa dəvət etmişdir. Görüşdə M.Karbasian iqtisadi-ticari əlaqələr sahəsində yeni qanunvericilik mexanizimlərinin tətbiqinin sahibkarlıq fəaliyyətinin genişlənməsinə yeni imkanlar açdığını, son statistik göstəricilərin sərmayə yatırımlarının artım dinamikasından xəbər verdiyini rəqəmlərin dili ilə diqqətə çatdırmışdır. İrana mal idxalında əvvəllər müəyyən qadağalar olduğunu xatırladan M.Karbasian, artıq bu gün məhsulların 99 faizinin ölkə daxilinə gətirilməsinə şərait yaradıldığını, kənd təsərrüfatı sahəsində, bəzi mal qrupları istisna olmaqla, idxalın artdığını bildirmişdir. İran iqtisadiyyatında vergilərin komplektləşdirilməsi siyasəti nəticəsində 24 növ rüsumun məhdudlaşdığını bildirən qonaq, bu ilin dörd ayında idxalın həcminin 8,5 milyard dollar, tranzit yük daşımalarının isə 75 faiz artdığını, İranla tranzit statistikasında dünya ölkələri içərisində Azərbaycanın 3-cü yerdə olduğunu vurğulamışdır. Qonaq demişdir ki, bunlar iki ölkə arasında ümumi mal dövriyyəsində təsirsiz qalmır. Həmin proseslərdə iranlı sahibkarlar da əsas subyektdir. Bu mənada onları narahat edən məsələlər operativ həll edilməlidir.

İranlı həmkarının fikrlərinə şərik olduğunu bildirən Kəmaləddin Heydərov hər iki ölkə prezidentlərinin səyi və müvafiq qanunvericilik aktları nəticəsində region dövlətlərinin ticari-iqtisadi gücünün bundan sonra da artacağına əmin olduğunu bildirmiş və respublikamızda iş adamlarına yaradılan şərait, sahibkarlığın inkişafına yönəldilən tədbirlərlə bağlı fikirlərini açıqlamışdır.

Görüşdə tarif güzəştləri, idxal-ixrac əməliyyatları, malların gömrük sadələşdirilməsi və gömrük işi ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir. Hər iki ölkə rəsmilərinin, gömrük rəhbərlərinin belə mütəmadi görüşlərinin qarşıya çıxa biləcək hər hansı problemin operativ həllinə imkan yaratdığı xüsusi vurğulanmışdır.

Görüşdə Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov və İranın Bakıdakı böyük elçisi Əhəd Qəzai iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.