İQTİSADİYYAT
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarın 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Kəmaləddin Heydərov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaus Qrevlixi qəbul etmişdir.
Görüşdə Almaniya ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin bütün sahələr üzrə inkişaf etməsinin hər iki dövlət üçün əhəmiyyətli olduğu vurğulanmış, son zamanlar Azərbaycanın xarici ticarət dövriyyəsində Almaniyanın xüsusi çəkisinin artması məmnunluqla qeyd olunmuşdur.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov möhtərəm Prezidentimiz Heydər Əliyevin apardığı məqsədyönlü tədbirlər nəticəsində hər iki ölkə arasında əməkdaşlığın genişlənməsindən bəhs etmiş, bir sıra məhsulların Azərbaycana idxalında Almaniyanın xüsusilə önəm daşıdığını, Almaniyanın isə Azərbaycandan ixrac olunan neft və neft məhsullarının alıcıları arasında xüsusi yer tutduğunu bir daha vurğulamışdır.
Səfir cənab Klaus Qrevlix Azərbaycan iqtisadiyyatının inkişafında onun dövlət müstəqilliyinin əsas atributlarından olan gömrük orqanlarının rolunun son dərəcə mühüm olmasını önə çəkərək, hər iki ölkənin gömrük sahəsində əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulamış, eyni zamanda yeni müstəqillik əldə etmiş ölkə kimi Azərbaycanın iqtisadiyyatının gücləndirilməsində alman investorlarının iştirakının Azərbaycan üçün mühüm nəticələr verə biləcəyini göstərmişdir. Onun sözlərinə görə alman investorlarının Azərbaycanda, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı sahəsindəki rolunu gücləndirmək məqsədəuyğun olardı. Bununla bərabər hər bir investoru, o cümlədən alman investorunu Azərbaycan Respublikasında onların hüquqlarının tam şəkildə qorunduğuna inandırmaq lazımdır. Bu qorunma isə həm müvafiq hüquqi bazanın yaradılması, həm də praktiki işlərin görülməsi ilə xarakterizə oluna bilər. Sənaye sahəsində böyük təcrübəsi olduğunu diqqətə çatdıran cənab səfir, Azərbaycanda bu sahənin inkişafında Almaniya investorlarının oynaya biləcəyi rola toxunmuşdur.
Komitənin sədri Kəmaləddin Heydərov qonağın nəzərinə onu da çatdırmışdır ki, bu il Azərbaycan gömrük orqanlarının yaradılmasının 10 ili tamam olur. Bu müddətdə gömrük qanunvericilik bazası, möhkəm kadr potensialı yaradılmış, gömrük orqanlarında çalışan əməkdaşların beynəlxalq təşkilatlarda, gömrük işinin çox yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə təcrübə keçməsinə nail olunmuş, sırf gömrük işi üzrə ixtisaslaşan kadrların sayı xeyli artmışdır.
Hazırda beynəlxalq standrtlara cavab verən Azərbaycan gömrük təşkilatı yaradılmışdır. Bu gün Azərbaycan gömrük təşkilatı ölkə iqtisadiyyatına xarici investorların cəlb olunması işində yaxından iştirak edir. Bu,
mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəalara uyğun olaraq malların sərhəddən maneəsiz keçirilməsinin təmin edilməsi ilə yekunlaşmır. Eyni zamanda Azərbaycanın iqtisadi strukturları ilə, həmçinin onun iqtisadi sahədə fəaliyyət göstərən qurumları ilə xarici investorların bilavasitə əməkdaşlığının yaradılmasına mühüm töhfəsini verir.
Eyni zamanda K.Heydərov qeyd etmişdir ki, Gömrük Komitəsi daimi olaraq Azərbaycanda fəaliyyət göstərən xarici iş adamları ilə birgə əməkdaşlığın praktik nümunəsi kimi onlarla mütəmadi görüşlər təşkil edir, iş adamlarının Azərbaycanda qarşılaşdığı problemlər, o cümlədən gömrük sahəsində problemlərin olub-olmamasının həlli ilə bağlı müxtəlif diskussiyalar aparır, xarici investorlar üçün hər hansı problemin yaranmaması üçün konkret addımlar atır. Komitə sədri xüsusi vurğulamışdır ki, Almaniyanın iş adamları ilə belə bir görüşün tezliklə təşkil edilməsində Almaniya səfirliyi ilə Azərbaycan gömrük təşkilatı arasında bu məsələlər üzrə daimi əlaqənin yaradılması olduqca önəmli rol oynaya, bu görüşlər mövcud problemlərin həllinə birbaşa təsir göstərə bilər.
Almaniyanın fövqəladə və səlahiyyətli səfiri bununla əlaqədar bildirmişdir ki, belə bir görüşün keçirilməsi olduqca əhəmiyyətlidir. Hazırda Azərbaycanda fəaliyyət göstərən Almaniya-Azərbaycan iqtisadiyyat qurumu vasitəsilə həmin görüşün birgə keçirilməsini təşkil etmək olar. Hörmətli qonaq belə bir məqama toxunmuşdur ki, bu il mart ayının 13-14-də Berlində beynəlxalq konfrans keçiriləcək. Konfrans Mərkəzi Asiya ölkələri ilə alman investorlarının əməkdaşlığına həsr olunacaqdır. Zaqafqaziya ölkələrindən yalnız Azərbaycanın dəvət olunduğu bu konfransda Rusiyanın və Orta Asiya respublikalarının nümayəndələri də iştirak edəcəklər. Həmin konfransda da belə bir görüşün Almaniyanın özündə olan investorlarla keçirilməsi mümkündür. Həmin investorlara Azərbaycanda olan mövcud vəziyyət, o cümlədən Azərbaycan gömrük orqanlarının iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində rolu haqqında məlumat verilə bilər.
Səfir qeyd etmişdir ki, bu ilin iyul ayında Almaniyadan Azərbaycana müxtəlif sənaye sahələrini təmsil edən nümayəndə heyəti gələcəkdir. Həmin heyətin tərkibində Almaniya rəhbərliyini təmsil edən nümayəndələr də olacaqdır. Onlar burada olduğu müddətdə belə görüşün keçirilməsi mümkündür.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə də toxunulmuşdur.