İQTİSADİYYAT


DÖVLƏT GÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Aprelin 18-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Con Uikman Linni qəbul etmişdir. 

Görüşdə gömrük siyasətinin və gömrük orqanlarının strukturu və fəaliyyətinin təşkilinin modernləşdirilməsi məqsədi ilə “Prays Vaterhaus Kupers” audit şirkətinin keçirdiyi monitorinqdən sonra Komitəyə təqdim etdiyi təkliflər, gələcəkdə bunların həyata keçirilməsi ilə əlaqədar gömrük xidmətinin görəcəyi işlər, sahibkarlığın inkişaf etdirilməsində gömrük siyasətinin yeri və s. məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.

K.Heydərov ölkədə həyata keçirilən iqtisadi islahatlarda Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın əhəmiyyətini vurğulamış, gömrük siyasəti və DGK-nın fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, təşkilati strukturunun daha təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. O, yuxarıda adı çəkilən şirkətin təqdim etdiyi təkliflərə münasibətini bildirmiş, gələcəkdə nəzərdə tutulan tarif dərəcələrinin təkmilləşdirilməsi barədə fikirlərini açıqlamışdır. Komitənin sədri gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsində önəmli hadisə – Bakıda Dünya Gömrük Təşkilatının regional tədris mərkəzinin fəaliyyətə başlayacağını və burada dünyanın aparıcı mütəxəssislərinin iştirakı ilə təcrübə mübadiləsi aparılacağı haqqında da məlumat vermiş, Rusiya Federasiyasının Gömrük Komitəsi ilə əldə edilən razılığa əsasən, rusiyalı mütəxəssislərin respublikamızda gömrük nəzarəti və gömrük qiymətləndirilməsi sahəsində peşə treyninqi keçirəcəklərini bildirmişdir.

Cənab Con Uikman Linn demişdir ki, BVF Dövlət Gömrük Komitəsinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və strukturunun daha da təkmilləşdirilməsi, bu sistemin modernləşdirilməsi ilə bağlı geniş islahatlar nəzərdə tutmuşdur. Azərbaycan gömrük təşkilatının bugünkü səviyyəsindən razı qaldığını vurğulayan qonaq nəzərdə tutulan islahatların istiqamətlərindən danışmış, öz tövsiyələrini söyləmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.