ELM VƏ TƏHSİL
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar” proqramı üzrə keçirilən kurslarda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Tədrisdən əsas məqsəd Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlarla bağlı bilikləri sistemləşdirmək, dinləyicilərə yeni bilik verməkdir.
Tematik planda dövlət və hüquq nəzəriyyəsinin müasir problemləri, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları, dövlət hakimiyyəti sistemi, hüquqi yaradıcılıq, seçki hüququ, seçki prosesi, məhkəmə hakimiyyəti və digər məsələlər əhatə olunmuşdur.
Tədris müddəti ərzində kurslarda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, Ali Məhkəmənin sədr müavini Hikmət Mirzəyev, Konstitusiya Məhkəməsinin hakimi Bəhmən Qəribov, tanınmış alim-mütəxəssislər dinləyicilər qarşısında müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.