ELM VƏ TƏHSİL
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikasında gənclər siyasəti” Dövlət proqramı üzrə keçirilən kurslarda şəhər, rayon icra hakimiyyəti ictimai-siyasi şöbələrinin müdirləri, Gənclər, İdman və Turizm, Təhsil nazirlikləri mərkəzi aparatının və rayon təşkilatlarının, kütləvi informasiya vasitələrinin gənclərlə iş üzrə məsul əməkdaşları və gənclər ictimai birliklərinin nümayəndələri iştirak etmişlər.
Tədris-tematik plan üzrə kurslarda təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Azərbaycan Respublikasında gənclər siyasəti və onun uğurları, gəncliyin müasir dünyada yeri, milli dövlət quruculuğunda gənclərin rolu və digər məsələlər əhatə olunmuşdur.
Təhsil müddətində gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin bölmə müdiri Tahir Süleymanov, təhsil nazirinin müavini Elmar Qasımov və tanınmış alim-mütəxəssislər dövlətimizin gənclər siyasətinin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.