ELM VƏ TƏHSİL
“DÖVLƏT İDARƏÇİLİYİ: NƏZƏRİYYƏ VƏ TƏCRÜBƏ” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşri olan jurnalın bu nömrəsində oxucular ümümmilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə, onun dövlət idarəçiliyi sahəsindəki böyük və zəngin təcrübəsinə, nəzəri irsinə dair, habelə idarəetmə mədəniyyətini təbliğ edən materiallarla tanış ola biləcəklər.
Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqi, akademiya kollektivinin “Sevimli Prezidentimiz haqqında vida sözü”, Prezidentin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin “Heydər Əliyevin qurduğu Azərbaycan əbədi yaşayacaqdır”, akademiyanın rektoru, professor Seyfəddin Qəndilovun “Dünyadan dünya boyda bir şəxsiyyət getdi”, maliyyə naziri Əvəz Ələkbərovun “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun respublikanın sosial-iqtisadi inkişafında rolu” məqalələri, demokratik cəmiyyətdə dövlət idarəçiliyinin və özünüidarəetmənin nəzəriyyəsi və praktikasına dair tədqiqatlar barədə yazılar da dərc edilmişdir.