SİYASƏT
DÖVLƏT KOMİTƏSİ BOLQARISTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN BİRLƏŞMƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜR
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, onlar Blaqoevqradda yaşayan və buradakı Amerika Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşmüş, onların Bolqarıstan-Azərbaycan “Dostluq” cəmiyyətinin rəsmi qeydiyyatdan keçirilməsində yaranan problemlərinin həlli üçün şəhər ədliyyə orqanları ilə uğurlu danışıqlar aparmışlar. Cəmiyyətin bu ilin sentyabr ayınadək qeydiyyata alınacağı nəzərdə tutulmuşdur.
Plovdiv şəhərində fəaliyyət göstərən Türk icma və dərnəklərinin üzvləri ilə keçirilən görüşdə Azərbaycan və türk cəmiyyətləri arasında sıx əlaqələr qurulmasına dair məsələlər müzakirə olunmuşdur.
Sofiyadakı görüşlər zamanı burada nəşr olunan “Zaman” qəzetinin rəhbərliyi Bolqarıstanda yaşayan azərbaycanlıların öz tarixi Vətənləri ilə daha möhkəm əlaqələr yaratmasında Dövlət Komitəsinə kömək göstərəcəyini vəd etmişdir.
Şumen şəhərindəki Türk Kültür Dərnəyində Türk və Azərbaycan diasporlarının birgə fəaliyyət göstərmələrinin vacibliyi vurğulanmış, bu şəhərdə yaşayan soydaşlarımızın kültür dərnəyini yaratmaq qərara alınmışdır.
Bu cür qurumun Bolqarıstanın Varna şəhərində də yaradılması planlaşdırılmışdır.
Müxtəlif xalqların hər il Varnada keçirilən mədəniyyət günlərində Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan incəsənət və mədəniyyət ustalarının da iştirakı təşkil olunacaqdır.