DÖVLƏT PANTOMİM TEATRININ 10 YAŞI TAMAM OLMUŞDUR
AzerTAg.az
Azərbaycan Dövlət Pantomim Teatrının 10 yaşı tamam olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə Gənc Tamaşaçılar Teatrında keçirilən təntənəli mərasimdə teatrın direktoru və bədii rəhbəri, respublikanın əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə iştirakçıları salamlamış, 10 il ərzində keçilən yaradıcılıq yolundan ətraflı söz açmışdır.
Mərasimdə mədəniyyət naziri Polad Bülbüloğlunun teatrın kollektivinə təbriki oxunmuşdur. Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Azərpaşa Nemətov, teatrşünas İlham Rəhimli çıxış edərək yaradıcı kollektivi yubiley münasibətilə təbrik etmiş, yeni yaradıcılıq uğurları arzulamışlar.
Teatrın 10 illiyinə aid film nümayiş etdirilmiş, aktyorların ifasında “Nağaraçılar”, “Şəngül, Şüngül, Məngül”, “Eşq”, “Dəli yığıncağı”, “Üç badam, bir qoz” və digər tamaşalardan parçalar göstərmiş, Bakı teatrlarının aktyorları sənət dostlarını təbrik etmişlər.
Teatrın direktoru B.Xanızadə demişdir ki, 10 il əvvəl xalq artisti Həsənağa Turabovun təşəbbüsü ilə Azərbaycanda ilk “Him-cim” pantomim festivalı keçirilmişdir. Bizim qrup festivalda “Dəli yığıncağı” pantomim studiyası adı ilə iştirak etmişdir. Elə o vaxtdan fəaliyyətə başlayan yaradıcı kollektivimizə 2000-ci ildə Dövlət teatrı statusu verilmişdir. Ötən illərdə Almaniya, Fransa, Hollandiya, Avstriya, Rusiya, Gürcüstan, Türkiyə və İranda festivallarda uğurlu çıxış edərək Azərbaycan mədəniyyətinin şöhrətini ləyaqətlə qorumuşuq.
Xəbərin mətnində orfoqrafik səhv var