SİYASƏT
DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNDƏ QADINLARIN ROLU MÜZAKİRƏ OLUNMUŞDUR
Komitənin sədri Zəhra Quliyeva bildirmişdir ki, Prezidentin imzaladığı Fərman iqtisadiyyatda müşahidə olunan müsbət meylləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədi daşıyır. Bu Fərman həyata keçirilmiş islahatları daha da dərinləşdirməyə və vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılmasına yönəlib.
Sonra komitə sədrinin birinci müavini Dilruba Camalova məruzə ilə çıxış etmişdir. O demişdir ki, respublikada yeni iqtisadi münasibətlərə keçidlə əlaqədar əhalinin sosial-iqtisadi inkişaf səviyyəsində baş vermiş dəyişikliklər qadınların fəallığını artırmışdır. İdarəetmə sistemində qadınların cəmiyyətdəki roluna dair formalaşmış təsəvvürlər dəyişmişdir. Bu da qadın sahibkarlığının inkişafı qarşısında duran psixoloji maneələri aradan qaldırmışdır. Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində qadınların sahibkarlıqla məşğul olmaq imkanları genişlənmişdir.
Konfransda çıxış edən Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, “Sevil” Qadınlar Məclisi Yasamal rayon şöbəsinin sədri Nurlana Əliyeva və başqaları Dövlət Proqramında öz əksini tapan mühüm məsələlərdən danışmışlar.