İQTİSADİYYAT
DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNDƏ SAHİBKARLARIN İŞTİRAKINA ŞƏRAİT YARADILIR
Dövlət xüsusilə güzəştli kreditin həcmini artırmağa, ipoteka, lizinq kimi özünü doğrultmuş sahibkarlıq fəaliyyəti növlərini dəstəkləməyə çalışır. Girov qoyuluşu, ipoteka münasibətlərinin təkmilləşdirilməsi zamanı ortaya çıxan problemlərin həlli istiqamətində tədbirlər görülür, o cümlədən müvafiq qanun layihələrinin hazırlanması üzərində iş gedir. Kreditlə bağlı əsas məqsədimiz istehsalın orta rentabellik səviyyəsi ilə kredit faizinin səviyyəsi arasında optimal nisbəti təmin etməkdir. Hesab edirəm ki, regionlarda istehsal müəssisələrinə 14-16, 20-25 faizlə kredit verilməsi mümkün deyil. Yüksək faizlə kredit verilməsi o deməkdir ki, həmin kredit geri qayıtmayacaqdır. Doğrudur, bu işə dövlət nəzarəti var. Ancaq bank özü də sahibkarlıq subyekti olduğu üçün dövlət banka öz şərtlərini diqtə edə bilmir. Bununla belə, büdcə vəsaitləri hesabına İqtisadi İnkişaf Nazirliyində cəmləşmiş resurslar hesabına kredit verilməsi prosesi dövlətin nəzarəti altındadır.