İQTİSADİYYAT
DÖVLƏT PROQRAMI ABŞERONLULAR ÜÇÜN YENİ İNKİŞAF PERSPEKTİVLƏRİ AÇMIŞDIR
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Mirzəbala Aslanov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı sosial-iqtisadi inkişaf sahəsində qarşımızda yeni perspektivlər açmışdır. Proqrama əsasən, 2008-ci ilədək rayonda maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, üzümçülük, gülçülük, quru subtropik meyvəçilik və digər sahələrin inkişafı sürətləndirilməli, zeytun təsərrüfatları bərpa edilməli, tikinti materialları istehsalı genişləndirilməli, ət emalı müəssisələri, süd zavodları yenidən qurulmalı, kiçik yeyinti məhsulları müəssisələr yaradılmalıdır.
Rayonda geniş tikinti-quraşdırma işləri aparılır. İlin birinci yarısında 81min 652 kvadratmetr yaşayış sahəsi tikilib istifadəyə verilmişdir. 2004-2007-ci illərdə əlillər üçün idman və sağlamlıq mərkəzi, Məhəmmədli, Əliqulu qışlaq kəndlərinin hər birində 200 yerlik məktəb binası, 3 məktəbdə 540 yerlik 27 əlavə sinif otağı tikiləcək, 4 məktəb əsaslı təmir olunacaqdır.
Abşeronun coğrafi mövqeyi, iqtisadi potensialı, əmək resursları Dövlət proqramında nəzərdə tutulanları tamamilə reallaşdırmağa imkan verəcəkdir.