İQTİSADİYYAT
DÖVLƏT PROQRAMI MASALLIDA UĞURLA HƏYATA KEÇİRİLİR
Rayon icra hakimiyyətinin başçısı Oqtay Əliyev AZƏRTAC-a demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Dövlət Proqramına əsasən, təkcə cari ilin ikinci rübündə Masallıda 1195 yeni iş yeri açılmışdır. Bunun 416-sı yeni yaradılmış, 493-ü fəaliyyəti bərpa edilmiş müəssisələrin payına düşür. Bundan əlavə, rayondakı olimpiya mərkəzinin tikintisində 58, yeni məktəb binalarının inşasında və müxtəlif təyinatlı tikinti obyektlərində 57, mövsümi və müvəqqəti xarakter daşıyan kənd təsərrüfatı işlərində 458 nəfər işlə təmin olunmuşdur.
Xüsusilə təqdirəlayiq haldır ki, rayonda açılmış təzə istehsal, emal və turizm obyektlərində işlə təmin olunanların sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artmışdır.
Dövlət Proqramının icrası müddətində Masallıda azı 6 min iş yeri yaradılması proqnozlaşdırılmışdır. Həyata keçirilən tədbirlər bu proqnozun reallaşacağına əsaslı zəmin yaradır.