İQTİSADİYYAT


DÖVLƏT PROQRAMI UĞURLA HƏYATA KEÇİRİLİR

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı (2004-2008-ci illər)” ölkənin digər bölgələrində olduğu kimi, Şəki-Zaqatala iqtisadi rayonunda da uğurla həyata keçirilir, əhalinin işgüzar fəallığı günü-gündən artır.

Həmin iqtisadi rayona daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında da görülmüş işlər, eləcə də sahibkarlığın inkişafı üçün yaradılmış şərait nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, ticarət, xidmət və digər sahələrdə müəssisələrin yaradılması, fəaliyyətini dayandırmış müəssisələrin yenidən bərpa edilməsi və ya istehsalın genişləndirilməsi nəticəsində xeyli sayda iş yeri açılmışdır. 2003-cü ilin oktyabrından bəri Şəki-Zaqatala iqtisadi rayonunda 3500-dən çox iş yeri yaradılmışdır. Bu işdə sahibkarlara dövlətin maliyyə dəstəyinin artırılması, kreditləşdirmə mexanizminin getdikcə təkmilləşdirilməsi əhəmiyyətli rol oynamışdır.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2004-cü ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondundan 475 sahibkara 28,5 milyard manatlıq güzəştli kredit verilmişdir. Şəki-Zaqatala iqtisadi rayonu üzrə Fondun vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 3,3 milyard manatlıq güzəştli kredit verilmiş, bunun nəticəsində 400-ə qədər yeni iş yeri açılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında” 2004-cü il 4 may tarixli Fərmanı ölkədə sahibkarlığın inkişafına təkan verən daha bir mühüm addımdır.

Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, eləcə də sahibkarların güzəştli kreditlərdən daha səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə iyulun 13-də İqtisadi İnkişaf Nazirliyi Şəki şəhərində Şəki-Zaqatala iqtisadi rayonunun sahibkarlıqla məşğul olan iş adamları ilə görüş keçirmişdir.

Tədbirin keçirilməsindən əsas məqsəd regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq, iş adamlarının problemlərinin araşdırılması, kiçik və orta sahibkarlıq subyektlərinin kredit ehtiyaclarının öyrənilməsi, kreditlər üzrə sifarişlərin qəbulu və kreditlərin operativ şəkildə verilməsinə nail olmaq idi.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi üzrə seçilmiş müvəkkil kredit təşkilatlarının nümayəndələrinin görüşdə iştirakı kredit müraciətlərinin qiymətləndirilməsi və qərarların çevik şəkildə qəbul edilməsinə şərait yaratmışdır.

Görüşü iqtisadi inkişaf naziri Fərhad Əliyev açaraq, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, son illərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, bu sahədə dövlət qayğısının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən geniş bəhs etmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının əhəmiyyətini xüsusi vurğulamışdır.

Sahibkarlarla geniş fikir mübadiləsindən sonra sahibkarların kredit təkliflərinə baxılmış və bunlarla bağlı yerindəcə müvafiq qərarlar qəbul edilmişdir.

Məsələn, Qax rayonu üzrə 4 layihəyə 867 milyon manat kreditin ayrılması barədə qərar qəbul olunmuşdur. Rayonda fəaliyyət göstərən “Kapital-N” firması kredit vəsaitini alkoqolsuz içkilər istehsalının genişləndirilməsi, yeni sexin tikilməsi və avadanlıq alınmasına, “Kərimoğlu” şirkəti heyvandarlıq və əkinçiliyin, fındıq emalının genişləndirilməsinə, “Aqil” şirkəti qum-çınqıl istehsalı və ağac emalının genişləndirilməsinə və inkişafına sərf edəcəkdir. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində rayonda 100-ə yaxın yeni iş yeri açılacaqdır.

Zaqatala rayonu üzrə 5 layihəyə 2,312 milyard manat kredit ayrılacaqdır. Kredit vəsaitini “Zaqatala Avtonəqliyyat” ASC sərnişin nəqliyyat xidmətinin yaxşılaşdırılmasına, “Zaqatala-Ət” ASC ət və süd məhsulları istehsalının genişləndirilməsinə, “Tərlan” kəndli fermer təsərrüfatı əkinçilik (taxıl, qardığalı, tütün) və heyvandarlığın inkişafına, “Oyma” şirkəti ağac emalı, mebel, inşaat materialları istehsalının genişləndirilməsinə, “Delta-S” şirkəti isə kənd təsərrüfatı məhsulları emalının (konservləşdirmə) genişləndirilməsinə sərf edəcəkdir. Bunların nəticəsində 300-dək yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Şəki rayonu üzrə ümumi məbləği 1063 milyon manat olan 4 layihəyə kredit ayrılması qərara alınmışdır. “Klass” MMC kredit vəsaitini heyvandarlığın inkişafına, “İnterfood” MMM fındıq emalının genişləndirilməsinə, “Günəşli” firması tütünçülüyün inkişafına, “Sahibkar Qadınlar” MMC isə kolbasa istehsalının genişləndirilməsinə xərcləyəcəkdir. Bu tədbirlərin həyata keçirilməsi hesabına 80-dən çox iş yeri açılacaqdır.

Qəbələ rayonu üzrə ümumi məbləği 490 milyon manat olan bir layihəyə kreditin ayrılmasına qərar verilmişdir. “Orxan” şirkəti krediti fındıq emalının genişləndirilməsi üçün istifadə edəcək və nəticədə 35 yeni iş yeri yaradılacaqdır.

Balakən rayonunda da bir layihəyə ümumi məbləği 490 milyon manat olan kredit vəsaiti ayrılmışdır. Həmin vəsaiti “Dərya” şirkəti fındıq emalının genişləndirilməsi üçün istifadə edəcək və nəticədə 50-dək yeni iş yeri açılacaqdır.

Kreditləşdirilən layihələrdən 15-i orta və irihəcmli layihələrdir və onların maliyyələşdirilməsi üçün 5 milyard manata yaxın vəsait ayrılacaqdır. İrihəcmli layihələrin həyata keçirilməsi 550-dən çox yeni iş yerinin açılmasına imkan verəcəkdir.

Kreditlərin 200-ə qədərini isə mikro və kiçikhəcmli kreditlər təşkil edir. Ümumi məbləği 5 milyard manat olan bu kreditlərin səmərəli istifadəsi nəticəsində 500-dən çox yeni iş yeri yaradılacaqdır.

Ümumilikdə, görüşün nəticəsi olaraq, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 200-dən artıq sahibkara 10 milyard manata yaxın güzəştli kredit verilməsi barədə qərar qəbul edilmişdir. Ayrılmış kreditlərin istifadəsi nəticəsində 1000–dən artıq yerli sakin işlə təmin olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.