SİYASƏT
DÖVLƏT QADIN SİYASƏTİ UĞURLA HƏYATA KEÇİRİLİR
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanına əsasən, bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması təmin edilməlidir.
Qadın Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2003-cü ildə 84 rayonda icra hakmiyyəti başçılarından üçü (3,5 faiz), 410 müavinindən 15-i (19,2 faiz), bu orqanlarda 577 şöbə müdirindən 42-si (7,2 faiz) qadın olmuşdur.
Hazırda 84 rayonun 7-də təhsil, 10-də səhiyyə, 14-də mədəniyyət şöbələrinin müdiri qadındır. 886 qadın məktəb direktoru, 364 qadın baş həkim, 3708 nəfər qadın mədəniyyət evi, kitabxana müdiri vəzifəsində çalışır. Müəssisə və təsərrüfatlarda 882 qadın rəhbər vəzifədə işləyir. 4566 nəfər qadın sahibkardır. Respublika üzrə 5524 kəndli-fermer təsərrüfatının 1556-na qadınlar rəhbərlik edir.