İQTİSADİYYAT
DÖVLƏT QAYĞISI BÖLGƏLƏRDƏ ÖZƏL SEKTORUN İNKİŞAFINA GÜCLÜ TƏKAN VERİR
Əldə olunan gəlir istehsal sahələrinin genişləndirilməsinə və beləliklə, əlavə iş yerlərinin açılmasına, əmək haqlarının artırılmasına imkan yaradır. Burada orta aylıq əmək haqqı 300 min manatdır. Son iki ildə torpaq sahiblərindən alınan pambığın dəyəri nağd şəkildə ödənilir. Keçən il pambığın hər kiloqramı orta hesabla 1000 manata, bu il isə 1200 manata alınmışdır.
Səhmdar cəmiyyətin Kürdəmir rayonu ərazisində 2000 hektar torpaq sahəsi vardır. Sahələrdə pambıqla yanaşı, taxıl, qarğıdalı, yonca da əkilir.
“Kürdəmir–pambıq” ATSC-nin nəzdindəki, “Vüqar” kəndli-fermer təsərrüfatında böyük heyvandarlıq kompleksi yaradılmışdır. İndi fermada 2000 başdan çox davar, xeyli qaramal saxlanılır. Hər il respublika bazarlarına on tonlarla ət, yun və süd məhsulları çıxarılır.
Bu il 22 hektar sahədə üzüm plantasiyası salınmışdır. Bağlarda məşhur “Şirvanşahı” və İrandan gətirilmiş “Kişmişi” üzüm sortları becərilir.
İstehsal sahələrinin genişləndirilməsi bölgə əhalisinin məşğulluğunun təminatına sanballı kömək göstərir. Səhmdar cəmiyyətin şöbə müdiri Şahid Həmidov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, indi burada 300 nəfər çalışır ki, onların 100 nəfəri daimi işçidir.