DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ 8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Bayram tədbirində Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev çıxış edərək, ulu öndərimiz Heydər Əliyevin qadınların cəmiyyətimizdəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, uşaqların sağlam böyüməsinə, azərbaycanlı ailələrin xoşbəxtliyinə göstərdiyi diqqət və qayğıdan, həmin qayğı və diqqətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində qadınlarımızın əzmkarlıqla fəaliyyət göstərmələrindən, yeni cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini vermələrindən danışmışdır.
Elçin Quliyev demişdir ki, bu gün Azərbaycan qadını ordu quruculuğunda da fəal iştirak edir. Qadınlarımızın bu çətin işə fəal qoşulması sübut edir ki, zərifliklərinə baxmayaraq, Azərbaycan qadını həm də mərd və cəsurdur. Hazırda Dövlət Sərhəd Xidmətində hərbi qulluq edən qadın zabit və gizirlərin sayı son beş illə müqayisədə 5 dəfədən çox artmışdır. Qadın sərhədçilər xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
Tədbirdə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş 84 sərhədçi qadına medallar təqdim olunmuş, bir neçəsinə rütbələr verilmişdir. Qadınlara bayram münasibətilə qiymətli hədiyyələr də təqdim edilmişdir.
Tədbir konsert proqramı ilə başa çatmışdır.