SİYASƏT
DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ GÖRÜŞ
Sərhədlərimizin qorunmasında fərqlənən çavuş və əsgərlərin Dövlət Sərhəd Xidmətində respublikanın tanınmış ədəbiyyat, incəsənət, elm xadimləri ilə görüşü keçirilmişdir. Çavuş və əsgərlər əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etmiş, vətənimizin azadlığı uğrunda qəhrəmanlıqla həlak olmuş igidlərin məzarları üzərinə tər çiçək dəstələri qoymuşlar.
Görüşü giriş sözü ilə açan polkovnik Cəlil Xəlilov sərhəd qoşunlarında nümunəvi xidmət göstərən, dövlət sərhədlərimizin mühafizəsində fərqlənən çavuş və əsgərlərə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan söhbət açmışdır. Natiq dövlət sərhəd xidmətinin rəisi, sərhəd qoşunlarının komandanı Elçin Quliyevin rəhbərliyi ilə sərhədimizin mühafizə işinin daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi sahəsində son illər qazanılmış nailiyyətlərdən danışmış, nümunəvi xidməti ilə fərqlənən çavuş və əsgərlərə komandanlıq adından təşəkkür etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, respublikanın xalq artisti, Milli Məclisin deputatı Amaliya Pənahova, şair Fikrət Sadıq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının prorektoru, professor Əlikram Abdullayev görüşdə çıxış edərək dövlət sərhədlərimizin daha möhkəm qorunması sahəsində çavuş və əsgərlərə uğurlar arzulamış, onları daha ayıq-sayıq, mətin olmağa çağırmışlar. Qonaqlar belə görüşlərin sərhəd qoşunlarında qulluq edən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynayacağına əmin olduqlarını bildirmişlər.
Görüş iştirakçıları üç gün ərzində paytaxtımızın tarixi abidələri, muzeyləri, görməli yerləri ilə tanış olacaq, müxtəlif mədəniyyət ocaqlarında incəsənət ustalarımızın iştirakı ilə keçirilən maraqlı konsert proqramlarına tamaşa edəcəklər.