SİYASƏT
DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ GÖRÜŞKEÇİRİLMİŞDİR
Görüşün iştirakçıları, əvvəlcə, Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin abidəsi önünə əklil qoymuşlar.
Sonra qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Görüşdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Baş Qərargah rəisi, general-leytenant İnayət Xəlilov, Rusiya Federal Sərhəd Xidməti rəisinin birinci müavini, general-polkovnik Mansur Valiyev və Qazaxıstan Sərhəd Xidməti rəisinin birinci müavini, Baş Qərargah rəisi, general-mayor Xusain Berkaliyev Xəzər dənizində qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, qeyri-qanuni miqrasiyanın, narkotik maddələrin, silahların yayılmasının, qaçaqmalçılıq fəaliyyətinin, terrorçu və digər cinayətkar qrupların ölkələrin ərazilərinə daxil olmasının qarşısının alınması üzrə əməkdaşlığın həyata keçirilməsi, qeyri-qanuni fəaliyyətə qarşı mübarizə üzrə məlumat mübadiləsinin təşkili və digər zəruri məsələləri müzakirə etmişlər. Tərəflər işçi görüşünün protokolunu imzalamışlar.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev tədbirin iştirakçıları ilə görüşmüşdür. O, Prezident İlham Əliyevin Azərbaycan Dövlət Sərhəd Xidmətinin Rusiya və Qazaxıstan sərhəd xidmətləri ilə əməkdaşlığına, əlaqələrin inkişafina xüsusi əhəmiyyət verdiyini bildirmişdir. Bugünkü görüşün əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım olduğunu qeyd edən E.Quliyev üç ölkənin sərhəd xidmətləri rəislərinin bu yaxınlarda Qazaxıstanda görüşəcəyini söyləmişdir.
Qonaqlar səmimi qəbula görə minnətdarlıq etmiş, bu cür görüşlərin tərəflər üçün əhəmiyyətini vurğulamışlar.