Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DÖVLƏT SİRRİNİN QORUNMASINA DAİR QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Dövlət sirrinin qorunması sahəsində mövcud olan normativ aktların bir çoxunun müasir dövlət quruculuğu və iqtisadi-inkişaf tələblərinə cavab verməməsini nəzərə alaraq, dövlətin təhlükəsizliyinin təmin edilməsinin bu mühüm sahənin demokratik cəmiyyətlərdə qəbul edilmiş standartlara uyğun olaraq müasirləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyaya tapşırılsın ki, bir ay müddətində məlumatların dövlət sirrinə aid edilməsi Qaydalarını və Dövlət sirrinə aid edilən məlumatların yeniləşdirilmiş Siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Adı çəkilən sənədlər hazırlanarkən nəzərə alınmalıdır ki, məlumatların dövlət sirrinə aid edilməsi səlahiyyəti bir qayda olaraq ayrı-ayrı vəzifəli şəxslərə yox, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasına məxsus olmalıdır.

3. Azərbaycan Respublikası Prezidentinin 771 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət sirrinin kütləvi informasiya vasitələrində yayılmasının qarşısının alınması Qaydalarının 8-ci bəndində “andan” sözündən sonra “48 saat ərzində, müstəsna hallarda isə” sözləri əlavə edilsin; 10-cu bəndində “tələb edə bilər” sözləri “təklif edə bilər” sözləri ilə əvəz edilsin, həmin bəndin axırıncı cümləsi çıxarılsın.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin