Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DÖVLƏT SIRRINI ƏKS ETDIRƏN NORMATIV HÜQUQI AKTLARIN YAYILMASI VƏ QÜVVƏYƏ MINMƏSI QAYDASI HAQQINDA

ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il

27 sentyabr tarixli fərmanı ilə təsdiq edilmişdir

DÖVLƏT SIRRINI ƏKS ETDIRƏN NORMATIV HÜQUQI AKTLARIN YAYILMASI VƏ QÜVVƏYƏ MINMƏSI QAYDASI HAQQINDA

ƏSASNAMƏ

I. Ümumi müddəalar1. Bu Əsasnamə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə müvafiq olaraq referendumda qəbul edilmiş aktlar, qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları istisna olmaqla müvafiq icra hakimiyyəti orqanlarının özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktlarının yayılması və qüvvəyə minməsi qaydalarını müəyyən edir.

2. Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının yayılması və qüvvəyə minməsi ilə bağlı məsələlər bu Əsasnamə ilə yanaşı "Dövlət sirri haqqında", "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə də tənzimlənir.

II. Özündə dövlət sirrini

əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının yayılması qaydası

3. Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının yayılmasına bu Əsasnamə ilə müəyyən edilmiş qaydada tapşırıq və sorğu əsasında yalnız onların icra edilməsi və istifadə olunması məqsədi ilə yol verilir.

Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının yayılması dedikdə həmin aktların nüsxəsinin və ya nüsxəsindən çıxarışın icra və istifadə edilməsi məqsədilə bu Əsasnamənin 4-cü bəndində müəyyən edilmiş şəxslərə həmin aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanları tərəfindən onların qərarı əsasında verilməsidir.

4. Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin orqanların rəhbərinin və ya səlahiyyətləri daxilində onun müavininin qərarı ilə bu Əsasnamənin 3-cü bəndinin 1-ci abzasında göstərilən məqsədlərlə və 5-ci bəndinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda aşağıda göstərilən şəxslərə verilə bilər:

- yuxarı icra hakimiyyəti orqanının yazılı tapşırığı və ya sorğu əsasında, habelə tabeçilik münasibətlərində olmayan müvafiq icra hakimiyyəti orqanları tərəfindən birgə və həmin orqanların səlahiyyətləri daxilində olan başqa işlərin görülməsi üçün digər icra hakimiyyəti orqanlarına, müəssisələrə, idarələrə, təşkilatlara və vətəndaşlara;

- müvafiq icra hakimiyyəti orqanlarının struktur bölmələrinə, müəssisələrinə, idarələrinə və təşkilatlarına.

5. Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Əsasnamənin 3-cü bəndinin birinci abzasında müəyyən edilmiş məqsədlərlə Əsasnamənin 4-cü bəndində göstərilən subyektlərə verilən nüsxələrin sayı, nüsxədən çıxarışın həcmi və çıxarışların sayı və yenidən çap edilməsi Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli fərmanı ilə təsdiq edilmiş "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nda göstərilmiş şəxslər tərəfindən müəyyən edilir.

6. Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada digər dövlətlərə verilə bilər.

Bu bəndin birinci abzasında nəzərdə tutulmuş halda Azərbaycan Respublikası prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"nin 5-ci bəndinin səkkizinci abzasına müvafiq olaraq həmin komissiya tərəfindən dövlət sirrini təşkil edən məlumatların digər dövlətlərə verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının verilməsi mümkünlüyü haqqında ekspert rəyi verilməlidir.

7. Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və ya onlardan çıxarışların yayılması həmin orqanların məxfi rejimli orqanı (bölməsi) tərəfindən bu orqanın rəhbəri tərəfindən hazırkı Əsasnamənin tələbləri nəzərə alınmaqla təsdiq edilmiş siyahıya əsasən həyata keçirilir.

8. Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları yuxarı icra hakimiyyəti orqanının yazılı tapşırığı əsasında bu Əsasnamənin 4-cü bəndinin ikinci abzasına uyğun olaraq yayıldıqda, yuxarı icra hakimiyyəti orqanının tapşırığında göstərilən aktın verilməsinin əsası (zərurəti), aktın nüsxələrinin və ya zəruri çıxarışlar edilmiş nüsxələrin sayı göstərilməlidir. Bu halda hazırkı Əsasnamənin 3-cü bəndinin ikinci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanlarının qərarı olmalıdır.

Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları bu Əsasnamənin 4-cü bəndinin ikinci abzasına uyğun olaraq sorğu əsasında yayıldıqda, sorğunu təqdim etmiş şəxs (onun rəhbəri) tərəfindən imzalanmalı və sorğuda göstərilən aktın verilməsi zərurəti əsaslandırılmalı, aktın nüsxələrinin və ya zəruri həcmdə çıxarışlar edilmiş nüsxələrin sayı göstərilməlidir.

9. Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları bu Əsasnamənin 4-cü bəndinin üçüncü abzasına uyğun olaraq həmin orqanın rəhbərinin və ya səlahiyyətləri daxilində onun müavininin əsası göstərilməklə yazılı göstərişinə uyğun olaraq bu orqanın müvafiq struktur bölmələrinə, onun müəssisələrinə, idarələrinə və təşkilatlarına icra və istifadə üçün verilə bilər.

Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları zərurət yarandıqda həmin orqanın struktur bölmələrinə, müəssisələrinə, idarələrinə və təşkilatlarına icra və istifadə üçün, bu orqanın struktur bölmələrinin, müəssisə, idarə və təşkilat rəhbərinin əsaslandırılmış təqdimatına əsasən müvafiq aktın nüsxələrinin və ya zəruri çıxarışlar edilmiş nüsxələrin sayı göstərilməklə hazırkı Əsasnaməyə uyğun olaraq verilə bilər.

10. Müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri bu orqanların qəbul etdikləri özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktların, habelə yuxarı icra hakimiyyəti orqanının tapşırığı və ya sorğu əsasında həmin orqanlara, müəssisə, idarə və təşkilatlara daxil olmuş və ya qanunvericiliklə müəyyən edilmiş hallarda vətəndaşlara verilmiş özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktların qanunvericiliyə uyğun olaraq mühafizəsini təmin etməyə borcludurlar.

11. Müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdikləri özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktları, habelə yuxarı icra hakimiyyəti orqanının tapşırığı və ya sorğu əsasında həmin orqanlara, müəssisə, idarə və təşkilatlara daxil olmuş özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktlarının nüsxələrinin uçotu jurnallar (jurnal uçotu), vərəqələr (uçot vərəqələri) vasitəsilə və ya avtomatlaşdırılmış (elektron kompüter texnikası vasitələri tətbiq edilməklə) qaydada həyata keçirilməlidir.

Bu bəndin birinci abzasında göstərilən uçot vasitələrində normativ hüquqi aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının adı, normativ hüquqi aktın adı, normativ hüquqi aktın qəbul edilməsinin tarixi və nömrəsi, habelə qanunvericiliklə müəyyən edilmiş digər rekvizitlər göstərilməlidir.

Bu bəndin birinci abzasında göstərilən uçot vasitələrində özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktlarının nüsxələrinin onlar əldə edilən andan aidiyyəti üzrə müvafiq ünvanlara göndərilənə və ya məhv edilənədək hərəkəti (verilməsi, ötürülməsi, qaytarılması) barədə bütün məlumatlar əks etdirilməlidir.

12. Yalnız "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şəxslər dövlət sirri ilə işləməyə buraxıla bilərlər.

Vəzifəli şəxslər və vətəndaşlar özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktlara işləməyə buraxıldıqda, "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununun və bu sahəni tənzimləyən digər normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər.

13. Dövlət sirri ilə, o cümlədən özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları ilə işləməyə buraxılan müvafiq icra hakimiyyəti orqanlarının struktur bölmələrinin, müəssisə, idarə, təşkilatların rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara icra və istifadə üçün həmin aktlar əmrlərlə, yazılı göstərişlərlə, normativ hüquqi aktın üzərində yazılan dərkanarla verilə bilər.

Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları müvafiq icra hakimiyyəti orqanlarının struktur bölmələrinin, müəssisə, idarə və təşkilatların rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara icra və istifadə üçün verildikdə, hər dəfə həmin aktın nüsxəsinin qəbul edilməsi və təhvil verilməsi həmin aktı müşayiət edən vərəqdə mütləq tərəflərin imzası və verilmə tarixinin göstərilməsi ilə müşayiət olunmalıdır.

14. Müvafiq icra hakimiyəti orqanlarının qəbul etdikləri özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktlar ciddi surətdə məhdudlaşdırılmış nüsxədə çoxaldıla (surəti çıxarıla), yenidən çap edilə bilər. Həmin aktların çoxaldılması (surətinin çıxarılması), yenidən çap edilməsi qaydası bu Əsasnamənin müddəaları nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

15. Müvafiq icra hakimiyəti orqanlarının qəbul etdikləri özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktlar və ya digər icra hakimiyyəti orqanlarından daxil olan özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrinə, tabeçiliyində olan digər qurumlara, habelə başqa orqanlara, müəssisə, idarə və təşkilatlara, yaxud vətəndaşlara göndərilməsi üçün məxfi rejimli orqanın (bölmənin) rəhbəri tərəfindən siyahı tərtib edilməlidir. Həmin siyahı normativ hüquqi aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən təsdiq edilməlidir.

16. Müvafiq icra hakimiyəti orqanlarının qəbul etdikləri özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktlar icra edildikdən sonra və ya istifadəsinə olan zərurət bitdikdə, onun nüsxələri və (və ya) nüsxəsindən çıxarışlar bu normativ hüquqi aktı qəbul etmiş orqana geri qaytarılmalıdır.

17. Özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı yenidən təşkil edildikdə və ya ləğv edildikdə həmin aktların yayılması məsələləri bu orqanın hüquqi varisi və ya yuxarı icra hakimiyyəti orqanı (müvafiq orqanın hüquqi varisi olmadıqda və bu bəndin ikinci abzasında nəzərdə tutulmuş halda) tərəfindən həyata keçirilir.

Müvafiq icra hakimiyəti orqanı ləğv edildikdə və ya yenidən təşkil edildikdə, onun hüquqi varisinin dövlət sirrini təşkil edən məlumatlardan istifadə etməklə iş görmək hüququ olmadığı təqdirdə, özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktların yayılması yuxarı icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

18. Müvafiq icra hakimiyəti orqanının özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktını icra və istifadə üçün əldə etmiş müvafiq icra hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilat ləğv və ya yenidən təşkil edildikdə, dövlət sirrini təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərə son qoyulduqda, onlar əldə etdikləri normativ hüquqi aktların nüsxələrinin (onların surətlərinin) mühafizəsini təmin etmək üçün tədbirlər görməlidirlər.

Bu bəndin birinci abzasında göstərilən hallarda normativ hüquqi aktların nüsxələri qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilir, arxivə və ya aşağıdakılardan birinə verilir:

- özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktı qəbul elmiş müvafiq icra hakimiyyəti orqanına, bu orqan yenidən təşkil edildikdə və ya ləğv edildikdə həmin orqanın hüquqi varisinə, hüquqi varis olmadıqda yuxarı icra hakimiyyəti orqanına;

- özündə dövlət sirrini əks etdirən normativ hüquqi akt icra edilməsi və ya istifadə olunması üçün verilmiş yenidən təşkil edilən və ya ləğv edilən müvafiq icra hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın hüquqi varisinə göstərilən məlumatlardan istifadə etməklə iş görmək hüququ varsa, hüquqi varisə;

- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın göstərişi ilə başqa dövlət hakimiyyəti orqanına, müəssisə, idarə və ya təşkilata.

19. Müvafiq icra hakimiyəti orqanının özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktının qüvvədə olma müddəti bitdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada qeyd edilən akt qüvvədən düşmüş hesab edildikdə, həmin normativ hüquqi aktın nüsxələrini (onun surətlərinin nüsxələrini) və bu aktdan çıxarışları əldə etmiş müvafiq dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar bu nüsxələri (onun surətlərinin nüsxələrini) və ya ondan çıxarışları həmin normativ hüquqi aktı qəbul etmiş orqana qaytarmalıdırlar.

20. Müvafiq icra hakimiyəti orqanının özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktına dəyişiklik və ya əlavələr edildikdə, habelə həmin aktın qüvvədən düşməsi haqqında yeni normativ hüquqi akt qəbul edildikdə, yeni aktın nüsxələri (onun nüsxələrinin surətləri) və ya ondan çıxarışlar özündə dövlət sirrini əks etdirən əvvəlki normativ hüquqi akt icra və istifadə üçün əvvəl göndərildiyi müvafiq ünvanlara göndərilməlidir. Qeyd edilən normativ hüquqi aktdan çıxarış müvafiq ünvanlara göndərildikdə, çıxarışda əvvəlki normativ hüquqi akta dəyişiklik və ya əlavələr, habelə onun qüvvədən düşməsi barədə müddəalar əks olunmalıdır.

21. Müvafiq icra hakimiyəti orqanının özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktının surətlərinin çıxarılmasına və (və ya) ondan çıxarışların edilməsinə yalnız həmin normativ hüquqi aktı qəbul etmiş orqanın rəhbərinin yazılı göstərişi ilə icazə verilir.

22. Müvafiq icra hakimiyəti orqanının özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktının nüsxələrinin (onun nüsxələrinin surətlərinin) müvafiq ünvanlara göndərilməsi (akt göndərilən ünvan başqa yerdə yerləşdikdə), qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız feldyeger rabitəsi və xüsusi rabitə vasitələri ilə həyata keçirilməlidir.

23. Müvafiq icra hakimiyəti orqanının özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktları qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət qeydiyyatına alındıqda, qeydiyyat orqanında qalan həmin normativ hüquqi aktın nüsxələrinin saxlanılması qaydası Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamə"yə uyğun olaraq həyata keçirilir.

24. Dövlət qeydiyyatına alınmış və ya dövlət qeydiyyatına alınmamış özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları və ya özündə dövlət sirrrini əks etdirən onların ayrı-ayrı hissələri müəyyən edilmiş qaydada dərc olunmur və kütləvi olaraq digər şəkildə yayılmır.

III. Müvafiq icra hakimiyəti orqanının özündə dövlət sirrini əks etdirən normativ hüquqi aktlarının qüvvəyə minməsi

25. Özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyəti orqanının normativ hüquqi aktlarında başqa qayda nəzərdə tutmadıqda, onlar dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmayan özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları müəyyən edilmiş qaydada qüvvəyə minir.

26. Dövlət qeydiyyatına alınmış və ya dövlət qeydiyyatına alınmamış özündə dövlət sirrini əks etdirən müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları bu Əsasnamənin 24-cü maddəsinə uyğun olaraq müəyyən olunmuş qaydada dərc olunmayan və kütləvi olaraq digər şəkildə yayılmayan, onların icraçıları (istifadəçiləri) istisna olmaqla, qüvvəyə minməmiş aktlar kimi hüquqi nəticələrə səbəb olmurlar və müvafiq münasibətlərin tənzimlənməsi müəssisə, idarə və təşkilatların rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara münasibətdə onlarda olan müddəaların icra edilməməsinə görə sanksiyaların tətbiq edilməsi üçün əsas deyillər və onların icraçıları (istifadəçiləri) istisna olmaqla, digər şəxslərlə münasibətlərdə göstərilən aktlara mübahisələrin həlli üçün istinad edilə bilməz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin