SİYASƏT
“DÖVLƏT SİRRİ HAQQINDA” QANUN LAYİHƏSİ KOMİSSİYADA MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, deputatlar, qanun layihəsini hazırlayan işçi qrupunun üzvləri, ekspertlər, mütəxəssislər çıxış edərək bu sənəd, onun bir sıra müddəaları barədə mülahizələrini bildirdilər. Qanun layihəsinin əhəmiyyəti vurğulanmaqla yanaşı, həmin sənəddə bəzi təkrarlara, redaktə xarakterli qüsurlara yol verildiyi də diqqətə çatdırıldı. Qeyd olundu ki, “Dövlət sirri haqqında” qanun layihəsi hazırlanarkən MDB-yə daxil olan bir sıra ölkələrin müvafiq qanunları nəzərdən keçirilmişdir.
İclasda irad və təklifləri nəzərə almaqla qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxarmaq barədə qərar qəbul edilmişdir.
Birgə iclasda Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edilmişdir.