İQTİSADİYYAT
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU PROQNOZLARA ARTIQLAMASI İLƏ ƏMƏL ETMİŞDİR
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən müddət ərzində əldə olunan gəlir 1 trilyon 632,4 milyard manat təşkil etmişdir. Bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 227,9 milyard manat, cari ilin yanvar-noyabr ayları üçün proqnoz göstəricisindən 18,3 milyard manat çoxdur. Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları 960,6 milyard manat olmuşdur ki, bu da proqnozun 101,7 faiz yerinə yetirilməsi deməkdir. Dövlət büdcəsindən ayırmaların məbləği 669,7 milyard manata bərabərdir. Məcburi dövlət sosial sığorta haqları üzrə toplanmış vəsaitin 281,8 milyard manat büdcədən maliyyələşən təşkilatlardan daxil olmuşdur. İlin əvvəlindən qeyri-büdcə təşkilatlarından və özəl sektordan məcburi dövlət sığorta haqlarının vaxtında yığılmasına artırılan diqqət gəlirlərin tərkibində bu sahələrin xüsusi çəkisinin xeyli artmasına şərait yaratmışdır.
Cari ilin 11 ayında qeyri-büdcə təşkilatlarından və özəl sektordan 678,8 milyard manat məcburi dövlət sosial sığorta haqqı toplanmışdır ki, bu da nəzərdə tutulduğundan 49,3 milyard manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 141,5 milyard manat çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması cari ilin 11 ayı ərzində pensiyaların, müavinətlərin və digər sosial ödənişlərin maliyyələşdirilməsini əsasən başa çatdırmağa imkan vermişdir. Bunun üçün 1 trilyon 640 milyard manat vəsait köçürülmüşdür. Bu keçən ilin müvafiq dövründəkindən 234,2 milyard manat və ya 16,7 faiz artıqdır.
Xərclərin tərkibində əsas sosial ödənişlər olan pensiyaların məbləği 913,1 milyard manat, işləməyən pensiyaçılara müavinət 155,2 milyard manat, aztəminatlı ailələrin uşaqlarına 146,8 milyard manat, kommunal, nəqliyyat və digər güzəştlərin müavinətlər ilə əvəz olunması üzrə xərclər 98,1 milyard manat, digər müavinətlər 262 milyard manat təşkil etmişdir. Bundan başqa, məşğulluq və əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsinin maliyyələşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq və Əlillərin Sosial Müdafiəsi baş idarələrinin hesabına müvafiq olaraq 9 milyard manat və 17,4 milyard manat, sanatoriya və kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabına 18,3 milyard manat vəsait köçürülmüşdür.