İQTİSADİYYAT
DÖVLƏT TİKİNTİ VƏ ARXİTEKTURA KOMİTƏSİNDƏ BİRİNCİ YARIMİLLİYİN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Kollegiyada vurğulanmışdır ki, indiki şəraitdə ölkədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, onun maddi əsasını təşkil edən sosial-iqtisadi inkişafın davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan tikinti-investisiya fəaliyyəti sahəsində görülən işlərin də mühüm rolu var.
İclasda bildirilmişdir ki, Komitə tərəfindən görülən işlərin, göstərilən xidmətlərin və buraxılan məhsulların ümumi dəyəri 22,2 milyard manatdan artıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 22,4 faiz çox olmuşdur. Bu müddətdə Komitə üzrə yerinə yetirilmiş elmi işlər 4,5 faiz, təmir-tikinti işləri 47,5 faiz, kommunal xidmətləri 21,3 faiz artmışdır. Su və kanalizasiya obyektlərinin qorunub saxlanması və inkişaf etdirilməsi, təbii fəlakət nəticəsində sıradan çıxmış su-kanalizasiya şəbəkələrinin bərpası məqsədi ilə 99 artezian quyusu, 35 su anbarı, 23 su çəni, 50 kilometrə yaxın su kəməri təmir edilmişdir.
Tabelikdə olan müəssisə və təşkilatların əksəriyyəti birinci yarımilliyi mənfəətlə başa vurmuş, Komitə üzrə rentabellik 7,2 faiz təşkil etmişdir. Bu isə işçilərin sosial şəraitinin yaxşılaşmasına və əmək haqqının artmasına müsbət təsirini göstərmişdir.
Kollegiya iclasında müəssisə və təşkilatların fəaliyyətində olan nöqsanlardan da danışılmış, onların aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.