DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ OPERATİV MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Komitədən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə təxirəsalınmaz tədbirlərin görülməsi planlaşdırılmışdır. Bölgələrdəki 10 regional mərkəzin və rayonlararası yer quruluşu idarələrinin fəaliyyətini gücləndirmək, onları müvafiq texniki avandanlıqla təmin etmək qərara alınmışdır. Yerlərdə torpaq bazarını təşkil etmək, vətəndaşların torpaqla bağlı müxtəlif hüquqi sənədlərə olan tələbatını ödəmək üçün əlaqədar qurumlara konkret tapşırıqlar verilmiş, gələcəkdə bu qurumların daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
Torpaq ehtiyatlarından səmərəli istifadə etmək və onların mühafizəsi ilə məşğul olmaq, torpaqların münbitliyini bərpa etmək və artırmaq üçün tədbirlər nəzərdə tutulmuşdur. Dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, topoqrafiya və xəritəçəkmə sahəsində görüləcək işlər bundan sonra da Dövlət proqramı səviyyəsində, dövlət siyasətinə uyğun olaraq tənzimlənəcəkdir. Bu məqsədlə “Azərbaycan Respublikasında 2004-2010-cu illərdə torpaq, geodeziya və kartoqrafiya sahəsindəki işlərə dair Dövlət proqramı”nın layihəsi hazırlanır və tezliklə Nazirlər Kabinetinə göndəriləcəkdir.