REGİONLAR
DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNİN KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Regionların sosial iqtisadi inkişafı Dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar aqrar bölmədə də ciddi nailiyyətlər əldə edilmişdir. Torpaq islahatlarının başa çatdırılmış birinci mərhələsində ölkədə mövcud olmuş 2032 təsərrüfat (kolxoz və sovxoz) ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanmışdır. İşğal olunmuş rayonlarımız istisna olmaqla ökəmizdə torpaq payı almaq hüququ olan 873 618 ailədən 870 832-nə torpaq verilmişdir. Bu, 3 486 778 subyekt deməkdir. Azərbaycanda torpaq islahatı 99,5 faiz yerinə yetirilmişdir. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşmişdir. Vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9 faizi dövlət mülkiyyətində saxlanılmış, 2 032 744 hektarı (23,5 faiz) bələdiyyə mülkiyyətinə verilmiş, 1 695 123 hektarı (19,6 faiz) isə xüsusi mülkiyyətə ayrılmışdır.
AZƏRTAC xəbər verir ki, bu faktlar fevralın 6-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2007-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında sadalanmışdır.
Komitənin sədri akademik Qərib Məmmədovun hesabat məruzəsində bildirilmişdir ki, 2002-2007-ci illərdə mövcud 2746 bələdiyyədən 2309-nun torpaqlarını onların mülkiyyətinə vermək üçün çöl tədqiqatı işləri aparılmış, müvafiq yerquruluşu sənədləri hazırlanmışdır. Ölkədə ilk dəfə olaraq mülkiyyət növləri nəzərə alınmaqla xəritələrin hazırlanması işi həyata keçirilməyə başlamış, 38 rayonda bu iş başa çatdırılmışdır. 1999-2007-ci illər ərzində mövcud 4551 yaşayış məntəqəsindən 3297-də cöl tədqiqatı, yerquruluşu işləri görülüb müvafiq sənədlər hazırlanmışdır. Qalan kəndlərdə bu işlər davam etdirilir. 3287 yaşayış məntəqəsi üzrə isə vətəndaşlara onların qanuni istifadəsində olan həyətyanı sahələri ilə bağlı müvafiq sənədlər işlənərək təqdim edilmişdir.
Ölkəmizdə mövcud olan 2746 bələdiyyə vahidinə, onların mülkiyyətində olan torpaq sahələrinə mülkiyyət hüququna dair müvafiq sənədlərin hazırlanması üçün yerquruluşu sənədlərinin işlənməsi davam etdirilmiş, 2309 bələdiyyə üçün belə sənədlər hazırlanmışdır. Mövcud bələdiyyələrin, o cümlədən 62 şəhər bələdiyyəsinin torpaqları ərazi hüdudları daxilində onlara ilkin olaraq tanıdılmışdır.
Qeyd edilmişdir ki, 2007-ci ildə Komitəyə müraciət etmiş vətəndaşların torpaq sahələrinə 27082 ədəd «Torpaq sahəsinin planı və ölçüsü» adlı texniki sənəd verilmiş, 31 təsərrüfat üçün kadastr xəritələri hazırlanmışdır. Şəhər kadastrının yaradılması ilə əlaqədar iki pilot ərazidə- Xırdalan şəhəri və Novxanı kəndində ortofotoplanların hazırlanması işi görülmüşdür.
Vurğulanmışdır ki, 157 səhifədən ibarət fundamental «Torpaq atlası», 54 səhifədən ibarət «Azərbaycan tarixi atlası», 1 rayonun 1:100 000 miqyaslı yeni ümumcoğrafi xəritəsi, «Azərbaycanın kosmotektonik xəritəsi» tərtib edilərək çap olunmuşdur. 20 adda yeniləşdirilmiş xəritə və atlas nəşr edilmişdir. İlk dəfə olaraq «Azərbaycan Respublikasının geoloji xəritəsi» və 1:300 000 miqyaslı «Azərbaycan Respublikasının avtomobil yolları xəritəsi» buraxılmışdır. Təhsil və Müdafiə nazirlikləri ilə müqaviləyə əsasən, 5 adda tədris xəritəsi və 15 nomenklatura 1:50 000 miqyaslı topoqrafik xəritələri çap edilərək təhvil verilmişdir.
Məruzədə və çıxışlarda torpaq ehtiyatlarından istifadə, onların mühafizəsi, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı görülmüş işlər barədə də söz açılmışdır. Məlumat verilmişdir ki, il ərzində 833 halda torpaq qanunvericiliyinin pozulması qeydə alınmış, bunlardan 469-nun qarşısı xəbərdarlıq vasitəsilə alınmış, 414 halda protokol tərtib edilib 12652 manat məbləğində cərimə müəyyənləşdirilmiş, dövlət büdcəsinə 12110 manat vəsait ödətdirilmişdir. 19 halda qanun pozuntusu ilə əlaqədar işlər hüquq mühafizə orqanlarına göndərilmiş, 12 iş məhkəmə qərarı ilə icraata yönəldilmiş, 7 işə isə hazırda rayon məhkəmələrində baxılmaqdadır. Qanun pozuntusu halları 154 halda dövlət mülkiyyətində, 569 halda bələdiyyə mülkiyyətində, 160 halda xüsusi mülkiyyətdə müşahidə edilmişdir. Ötən illərdə olduğu kimi, 2007-ci ildə də ən çox qanun pozuntusu bələdiyyə torpaqlarında aşkar edilmişdir.