Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

DÖVLƏT VƏ BƏLƏDİYYƏ ƏMLAKININ VƏ VƏSAİTLƏRİNİN İDARƏ OLUNMASI SAHƏSİNDƏ KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALARA QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Son illər ölkədə aparılan ardıcıl islahatlar nəticəsində iqtisadi inkişaf həyatımızın bütün sahələrini əhatə etmiş, iqtisadi potensial güclənmiş, dövlət büdcəsi artmış, sosial sahənin və infrastrukturun inkişaf etdirilməsi istiqamətlərində büdcə vəsaitləri hesabına maliyyələşdirilən dövlət proqramlarının və onlara sərf olunan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi artan maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsini zəruri edir.

Vətəndaşlardan daxil olan müraciətlərin ümumiləşdirilməsi göstərir ki, bəzi hallarda dövlət və bələdiyyə vəsaitləri, o cümlədən dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan dövlət proqramları çərçivəsində ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, dövlət və bələdiyyə əmlakının və maliyyə vəsaitlərinin idarə olunmasında nöqsanlar nəzərə çarpır, vəsaitlərin istifadə olunmasına, tənzimləyici və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində korrupsiya halları müşahidə olunur. Korrupsiya ilə əlaqədar hüquqpozmalar dövlət vəsaitlərinin nəzərdə tutulmuş istiqamətlərdə xərclənməsinin qarşısını almaqla dövlətə və cəmiyyətə böyük ziyan vurur, ölkəmizin daha sürətlə inkişafına mane olur, əhalinin rifahının artırılması sahəsində görülən tədbirlərin səmərəsini azaldır.

Keçən dövr ərzində ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə qəbul edilmiş dövlət proqramlarına müvafiq olaraq kompleks tədbirlər həyata keçirilmiş, normativ-hüquqi baza təkmilləşdirilmiş, vəzifəli şəxslər tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə törədilən hüquqpozmaların qarşısının alınması məqsədilə dövlət nəzarət mexanizmləri inkişaf etdirilmiş, korrupsiya cinayətlərinə qarşı cinayət təqibinin səmərəliliyini artırmaq üçün bu sahədə ixtisaslaşmış qurum yaradılmışdır.

Lakin görülən tədbirlərlə kifayətlənməyərək ümumbəşəri sosial bəla olan korrupsiyanın tam aradan qaldırılması üçün daha sərt və qətiyyətli addımların atılması tələb olunur. Bunun üçün dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, habelə tamamilə dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin (bundan sonra - dövlət müəssisəsi) idarə olunması sahələrində istifadə, tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində şəffaflıq təmin edilməli, qanun pozuntuları ilə mübarizə gücləndirilməli, qeyd olunan sahələrdə hüquqpozmalar barədə müraciətlərdə göstərilən halların yoxlanılmasına diqqət artırılmalıdır.

Bu məqsədlə qərara alıram:

1. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın ki:

1.1. dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etsinlər;

1.2. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş sahələrdə cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə müvafiq sənədləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərsinlər;

1.3. müvafiq prokurorun mütəxəssislərin cəlb edilməsi və ya yoxlama materiallarının tələb edilməsi barədə qərarının təxirəsalınmadan icra olunmasını təmin etsinlər, müvafiq sahələr üzrə təcrübəli və peşəkar mütəxəssislərin ayrılmasını təşkil etsinlər;

1.4. dövlətə vurulan ziyanın mülki-hüquqi vasitələrlə aradan qaldırılması zərurəti müəyyən olunduqda məhkəmələrdə müvafiq iddiaların qaldırılmasını təmin etsinlər və ya bu məqsədlə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etsinlər;

1.5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icra edilməsi vəziyyətinə dair Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilən məlumatlarla birgə bu Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər barədə hesabat versinlər.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki:

2.1. öz səlahiyyətləri daxilində bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan sahələrdə aparılan yoxlamaların və digər dövlət nəzarət tədbirlərin gücləndirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsini təmin etsinlər;

2.2. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan sahələrdə korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar olunması və qarşısının alınması məqsədilə konkret tədbirlər həyata keçirsinlər, görülmüş tədbirlərin nəticələri barədə 3 ay ərzində Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş sahələrdə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarəti artırsın, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı cinayət əlaməti olan korrupsiya ilə əlaqədar hüquqpozmalar aşkar etdikdə müvafiq sənədləri dərhal Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərsin.

4. Hüquq mühafizə orqanlarına tapşırılsın ki, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının sahibkarlıq subyektlərinə müdaxilələrin qadağan edilməsinə dair tələbinə həmin orqanların əməkdaşları tərəfindən ciddi riayət olunmasını təmin etsinlər və bu sahədə pozuntulara yol vermiş əməkdaşlar barəsində məsuliyyət tədbirləri tətbiq etsinlər.

5. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki:

5.1. Komissiyaya daxil olan korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin mütəmadi olaraq ümumiləşdirilməsini həyata keçirsin;

5.2. ümumiləşdirmənin nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin fəaliyyətinin yoxlanılmasının dövlət orqanlarına və ya auditor təşkilatlarına həvalə edilməsini və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini təmin etsin;

5.3. bu Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər haqqında dövlət orqanları tərəfindən təqdim olunmuş hesabatları təhlil etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat versin.

6. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki:

6.1. dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində korrupsiya cinayətləri, mənimsəmə, israf etmə və şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar törədilən digər cinayətlərə dair prokurorluq orqanlarına daxil olan müraciətlərə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq aşağıdakı qaydada baxılması məqsədəuyğun hesab edilsin:

6.1.1. müraciət üzrə ilkin yoxlamanın aparılması və bunun üçün kifayət qədər əsas olduqda müvafiq sahədə mütəxəssislərin cəlb edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərarın qəbul edilməsi;

6.1.2. dövlət və ya bələdiyyə orqanlarında, dövlət müəssisələrində müraciətdə göstərilən halların mövcud olub-olmamasının prokurorluq orqanları tərəfindən, zərurət olduqda mütəxəssislərin iştirakı ilə yoxlanılması;

6.1.3. müraciətdə göstərilən halların yoxlanması ilə əlaqədar zərurət yarandıqda dövlət və ya bələdiyyə orqanlarında, dövlət müəssisələrində müəyyən edilmiş dövr ərzində aparılan yoxlamaların materiallarının müvafiq prokurorun qərarı əsasında həmin yoxlamaları həyata keçirən dövlət orqanlarından tələb edilməsi;

6.1.4. araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi;

6.2. daxil olan şikayətlərin baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərilməməsinə ciddi nəzarət etsin;

6.3. yoxlamalar zamanı fiziki və hüquqi şəxslərin qanuni hüquq və mənafelərini qorumaq məqsədilə prokurorluq orqanlarına daxil olan müraciətlərin araşdırılmasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsini təmin etsin;

6.4. dövlət nəzarətinin səmərəliliyinin artırılması məqsədilə bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan sahələrdə yoxlamalar və digər nəzarət tədbirləri həyata keçirən dövlət orqanları ilə məlumat mübadiləsinin və qarşılıqlı əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün;

6.5. dövlət mənafeyinin müdafiəsi üçün məhkəmələrdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq iddiaların qaldırılması məqsədilə müvafiq tədbirlər görsün;

6.6. “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının sahibkarlıq subyektlərinə müdaxilələrin qadağan edilməsinə dair tələblərinin hüquq mühafizə orqanları tərəfindən icra olunmasına öz səlahiyyətləri daxilində nəzarət etsin;

6.7. Bu Fərmanın 6.1-ci bəndinə müvafiq olaraq həyata keçirilən yoxlamaların vahid uçotunun aparılması məqsədilə müvafiq reyestrin yaradılmasını və reyestrə daxil olan məlumatların mütəmadi olaraq ümumiləşdirilməsini təmin etsin, reyestrə daxil olan məlumatların ümumiləşdirilməsinin və müraciətlərin araşdırılmasının nəticələri barədə ildə iki dəfə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına məlumat versin.

7. Azərbaycan Respublikasının Hesablama Palatasına tövsiyə olunsun ki:

7.1. dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini təmin etsin;

7.2. müvafiq prokurorun müraciətinə əsasən təcrübəli və peşəkar mütəxəssislərin ayrılmasını təmin etsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

8.1. dövlət büdcəsinin formalaşdırılmasına və dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunmasına, dövlət əmlakının və vəsaitlərinin idarə olunmasına dövlət nəzarətinin gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahələrdə şəffaflığın artırılması məqsədilə qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərini, habelə qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, bir ay müddətində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların ekspertizasının aparılması qaydası haqqında müvafiq layihəni təqdim etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin