SİYASƏT
DQİDK-nın şöbə müdiri: Azərbaycanda multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarixboyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Mövcud milli-mədəni rəngarənglik xalqların qarşılıqlı mənəvi zənginləşməsinə imkan yaratmaqla yanaşı, Azərbaycanı beynəlxalq miqyasda çoxmillətli və çoxkonfessiyalı ölkə kimi tanıdıb. Bu müxtəliflik mühiti respublikada təmsil olunan bütün dini icma və konfessiyaların birgə fəaliyyəti sayəsində bu gün də lazımınca qorunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə səsləndirib. O qeyd edib ki, Azərbaycanda dini qurumların fəaliyyəti üçün dövlət tərəfindən onlara daim diqqət və qayğı göstərilir. Məsələn, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına, Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna və Alban-Udi Xristian dini icmasına ümumilikdə 800 min manat ayrılıb. Eyni zamanda, Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə 2018-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat verilib.
Dövlət komitəsinin rəsmisi əlavə edib ki, dövlət dini abidələrində təmir və bərpasına xüsusi diqqət göstərir. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə 814 məscid inşa olunub. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb.
Heydər Əliyev fondunun da dinin abidələrin bərpası işində böyük rol oynadığını bildirən Cahandar Əlifzadə deyib ki, Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bundan başqa ölkədə fəaliyyət göstərən kilsə və sinaqoqlarda bərpa və təmir işləri aparılıb.
C.Əlifzadə qeyd edib ki, dövlət tərəfindən “Jen Mironosits” rus-pravoslav kafedral, “Arxangel Mixail” rus-pravoslav, “Müqəddəs Məryəm–mövlud” rus-pravoslav ,“Bakirə Müqəddəs Məryəm” roma-katolik, “Şəfaətçi İsa Məsih” katolik, Lüteran kilsələrinin, o cümlədən “Dağ yəhudiləri”, “Avropa yəhudiləri”, Qırmızı qəsəbə “Giləki” və digər sinaqoqların fəaliyyətinə şərait yaradılıb.
Dövlətin müxtəlif dini icmalara göstərdiyi diqqət ölkədə tolerant mühitin güclənməsinə xidmət edir. Bu da öz növbəsində, Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin güclənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.