CƏMİYYƏT


DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portalında nəşr olunub

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycanın dini azlıqların hüquqlarına və müxtəlif dini abidələrə bərabər şəkildə yanaşması, ümumiyyətlə, beynəlxalq hüquqa uyğun olaraq öhdəliklərə əməl etməsinə baxmayaraq, Ermənistan tərəfi və havadarları saxta məlumatlar tirajlamaqla ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməkdədir.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Türkiyənin TRT Media qurumunun Almaniyada fəaliyyət göstərən rəqəmsal platforması olan https://nex24.news xəbər portalında nəşr olunan məqaləsində yer alıb.

Məqalədə qeyd olunub ki, “BBC News” 2021-ci il martın 25-də Azərbaycanın Cəbrayıl şəhərində “Erməni kilsəsinin yoxa çıxması” mövzusunda xəbər yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də UNESCO üzrə Ermənistan milli komissiyasının Azərbaycan tərəfindən hər hansı “mədəniyyət cinayətinin” törədilməsi barədə iddiaları qəbuledilməzdir. Cəbrayıl rayonunda kilsənin “yoxa çıxması” ilə bağlı iddiaya münaqişə kontekstində yanaşılaraq nəticə çıxarılmalıdır.

İddianın saxta olduğunu faktlarla sübuta yetirən müəllif diqqətə çatdırıb ki, sözügedən “ibadətgah” Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın suveren ərazisini işğal altında saxladığı dövrdə - beş il əvvəl azərbaycanlılara məxsus abidələrin dağıntıları üzərində qeyri-qanuni tikilib. Hətta o vaxt ATƏT-in Minsk qrupunun həmsədrləri də Cəbrayıldakı “ibadətgah”ın hərbi birləşmənin bir hissəsi kimi erməni əsgərləri üçün inşa edildiyini bildirib və Azərbaycan buna dövlət səviyyəsində etiraz edib. Bu baxımdan 5 il əvvəl işğalçı separatçılar tərəfindən şəxsi məqsədlər üçün qanunsuz inşa edilmiş tikili heç bir vəchlə tarixi-mədəni abidə hesab oluna bilməz.

Həmçinin məqalədə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə bitən Vətən müharibəsinin Ermənistanın həyata keçirdiyi vandalizmin, tarixi-dini abidələrə qarşı terrorun tam şəkildə üzə çıxmasına imkan yaratdığı vurğulanıb. Bildirilib ki, Azərbaycan tərəfindən müxtəlif ölkə və qurumların təmsilçilərinin həmin zonalara səfərlərinin təşkilinə, erməni faşizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda aparılan işlərə əngəl olmaq məqsədilə erməni tərəfi “Mifik hidro” kimi tükənməyən dezinformasiyaları yaymaqla dünya ictimaiyyətinin diqqətini əsas məsələdən – işğal dövründə törətdiyi cinayət əməllərindən yayındırmağa çalışır. Bu baxımdan qarşı tərəfin “məbəd” ətrafındakı hay-küyü təsadüfi hesab edilə bilməz.

Məqalədə düşmənimizin Azərbaycanın tarixi və əzəli torpaqlarındakı mədəni irsin silinməsi, özgəninkiləşdirilməsi siyasətinə də toxunan DQİDK sədri diqqətə çatdırıb ki, Cəbrayıl rayonunda olan 5 tarixi məscid, 50-yə yaxın ziyarətgah və onlarla tarixi memarlıq abidəsi də ermənilər tərəfindən tamamilə məhv edilib və rayon ərazisində ümumiyyətlə, kilsə olmayıb.

Ölkəmizdə dini-mənəvi mühitə qayğı barədə geniş məlumatın əks olunduğu məqalənin sonunda Azərbaycanın mədəni irsini qəsdən hədəfə alan, onu özününküləşdirən, vaxtilə işğalda olmuş bölgələrdə təkcə İslam deyil, həm də xristian abidələrinə qarşı vandallıq etmiş, çoxsaylı hərbi cinayətlər törətmiş ölkənin, eləcə də bu cinayət əməllərinə göz yuman havadarlarının Azərbaycanı ittiham etmək üçün hər hansı hüquqi, yaxud mənəvi haqqının olmadığı vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.