CƏMİYYƏT


DSMF-də sosial təminat sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunu nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov fondda sosial təminat sahəsində görülən işlərə, aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

İclasda Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin birinci rübünə dair fəaliyyəti, xüsusilə dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı Fərman və Sərəncamların icrası sahəsində görülmüş işlər müzakirə olunub. H.Məmişov cari il martın 1-dən pensiyanın minimum məbləğinin 40 faiz artırılaraq 160 manata çatdırılmasının 233 min pensiyaçının pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib. O, həmçinin 2019-cu il 15 aprel tarixli Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasının 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və başqa həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri də qeyd edib.

İclasda müvafiq artımların edilməsi üçün aparılmış işlər, DSMF-nin fəaliyyət sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrindən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.