CƏMİYYƏT


DSMF-nin Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri barəsində cinayət işi başlanıb

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılığın və şəffaflığın təmin edilməsində əhəmiyyətli irəliləyişlərə nail olunub.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək mənfi amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə nazirlikdən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı DSMF-nin Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasovun və Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu üç il əvvəl üçün pensiya təyin olunması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələr müəyyən edilib.

Bu xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.