CƏMİYYƏT
DST Konqodakı Ebola epidemiyasını beynəlxalq miqyaslı fövqəladə hadisə elan edib
Bakı, 18 iyul, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) Konqo Demokratik Respublikasındakı Ebola epidemiyasını beynəlxalq miqyaslı fövqəladə hadisə elan edib. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, DST-nin baş direktoru Tedros Adxanom Qebreyesus bununla bağlı bəyanat yayıb.
Təşkilatın fövqəladə vəziyyətlə bağlı keçirilən iclasında müvafiq komitənin tərkibinə daxil olan ekspertlər Ruandanın sərhədindəki əhalisi iki milyona çatmış Qoma şəhərində bu virusa yoluxma hallarının kəskin artmasını diqqətə çatdırıblar. Onlar bu epidemiyanın bütün regiona və hətta dünyaya yayılacağından ehtiyat edirlər.
DST-nin baş direktorunun bəyanatında deyilir ki, beynəlxalq ictimaiyyət bu problemə daha çox diqqət yetirməli və Ebola ilə mübarizə səylərini artırmalıdır. Onun sözlərinə görə, Konqo Demokratik Respublikası ilə həmrəyliyi gücləndirmək və bu ölkənin səhiyyə sistemini möhkəmləndirmək lazımdır. Baş direktor epidemiya zonasında işləyən DST nümayəndələrinı, tərəfdaş təşkilatların təmsilçilərinə və yerli hökumətə də təşəkkürünü bildirib.
Ebola epidemiyası ilə bağlı keçirilən sayca dördüncü iclasda bu fəlakətlə mübarizədə maliyyə vəsaitinin az olması da diqqətə çatdırılıb. İştirakçılar qonşu ölkələri sərhədləri bağlamamağa və nəqliyyat əlaqəsini kəsməməyə də çağırıblar. Fövqəladə Komitənin rəhbəri, professor Robert Steffen qeyd edib ki, bu cür tədbirlər yerli əhalinin maddi vəziyyətinə ağır zərbə ola bilər.
DST-nin məlumatına görə, son aylar sözügedən bölgədə Ebola epidemiyasından 1650 nəfər həyatını itirib. Həkimlər hər gün orta hesabla 12 yeni yoluxma halı qeydə alırlar.