CƏMİYYƏT
DST koronavirusla bağlı qlobal fövqəladə vəziyyətə ehtiyac görmür VİDEO
Cenevrə, 24 yanvar, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) Çində yeni yayılmış koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan olunmasına ehtiyac görmür.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı DST-nin baş direktoru Tedros Gebreyesus fövqəladə komitənin Cenevrədə keçirilən növbədənkənar iclasından sonra bildirib. Onun sözlərinə görə, virusun yayılması birmənalı şəkildə Çin üçün fövqəladə vəziyyətdir, lakin bu, hələlik qlobal səviyyədə fövqəladə vəziyyət elan etməyə əsas vermir.
Təşkilatın verdiyi açıqlamada bildirilib ki, dünyanın müxtəlif ölkələrində bu virusa yoluxma halları müşahidə oluna bilər. Ona görə də bütün ölkələr bu virusun qarşısının alınması üçün bütün hazırlıqları görməlidirlər. Buraya infeksiya (2019-nCoV) ilə bağlı aktiv nəzarət, erkən aşkarlanma, təcridolunma və yoluxma hallarının menecmenti, yoluxmuş şəxslərin təmasda olduğu şəxslərin müayinəsi daxildir. Profilaktik tədbirlər çərçivəsində infeksiyanın yayılmasının qarşısının alınması ilə yanaşı əldə edilmiş bütün məlumatlar tam şəkildə DST-yə təqdim edilməlidir.
Yekunda bildirilib ki, infeksiyanın yayılmasını önləmək üçün ölkələr DST-dən texniki dəstək ala bilərlər və beynəlxalq təşkilatın səyahət xəbərdarlıqları ciddi şəkildə nəzərə alınmalıdır.
Xatırladaq ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 881-ə, bu virus səbəbindən ölənlərin sayı isə 26-ya çatıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə