CƏMİYYƏT


DSX: 8 kiloqramdan çox narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Son dövrdə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 8 kiloqram 68 qram narkotik vasitənin və 8809 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 15-də Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru bir nəfər şəxsin hərəkəti və sərhədboyu ərazidə naməlum avtonəqliyyat vasitəsinin olması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə bir bağlama içərisində ümumi çəkisi 2 kiloqram 950 qram narkotik vasitə (2 kiloqram tiryək və 950 qram metamfetamin) aşkarlanaraq götürülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan “KIA Rio” markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobildə saxlanılan şəxslərin Salyan rayon sakinləri 1987-ci il təvəllüdlü Babayev Əliağa Rəsul oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Nicat Zaur oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Həmin gün Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində də İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru bir nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd naryadı tərəfindən həmin şəxsə “Dayan” əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb və ondan bir ədəd bağlama götürülüb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü Pənahi Qulaməli Məhəmmədəli oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 942 qram narkotik vasitələr (575 qram heroin, 300 qram metamfetamin, 1 qram metadon və 66 qram qurudulmuş marixuana) aşkarlanıb.

Sentyabrın 18-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru iki nəfər şəxsin Araz çayını keçərək hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq dövlət sərhədinin pozulduğu istiqamətə hərəkət ediblər. Sərhəd pozucuları hadisə yerindən uzaqlaşmağa çalışarkən sərhədçilər tərəfindən təqib edilərək saxlanılıblar.

Saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1986-cı il təvəllüdlü Kıanı Behnam Əli oğlu və 1978-ci il təvəllüdlü Behzad Pırıvatlou Reza Mahmud oğlu olmaları müəyyənləşdirilib. Onlardan götürülmüş bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 176 qram narkotik vasitə və psixotrop həblər (3 kiloqram 182 qram heroin, 994 qram metamfetamin, 8789 ədəd “Metadon-40” həbi və 20 ədəd “Buprenorphine-2” həbi) aşkarlanıb.

Hər üç fakt üzrə cinayət işi başlanılıb. Saxlanılanlar təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.