CƏMİYYƏT


DSX: Avqustda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 11 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirləri uğurla davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustda Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində sərhədboyu zonada külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin bir əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Birinci hadisə avqustun 3-də DSX-nin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş verib. Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad rayonunun Suluçeşmə kəndinin yaxınlığında “Pusqu” sərhəd naryadının xidməti təşkil olunub. Saat 01:30 radələrində “VAZ-2172” markalı 99-GL-017 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin həmin əraziyə yaxınlaşması, avtomobildən düşən bir şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub. Həmin şəxs sərhəd naryadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kiloqram tiryək aşkarlanıb. Saxlanılmış şəxsin Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonunun sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Xəyal Əli oğlu olması müəyyən edilib.

İkinci hadisə avqustun 8-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən qeydə alınıb və sərhəd zastavasına məruzə olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qaldırılıb və hadisə yerinə hərəkət edilib. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq mühəndis-texniki çəpərə doğru hərəkət edən bir nəfər saxlanılıb. Şəxsiyyətini təsdiq edən hər hansı sənədə malik olmayan sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Əli Abdullanicat Soltanhüseyn olduğunu bildirib. Onun üzərində bir ədəd mobil telefon, 2,8 milyon İran rialı, bir kəsici bıçaq, bir qızıl üzük və bir bankomat kartı aşkarlanıb.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.