CƏMİYYƏT
DSX: Dövlət sərhədini pozmağa cəhd göstərən altı nəfər Azərbaycan vətəndaşı saxlanılıb
Bakı, 21 may, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində fəaliyyətlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 21-də saat 02:12 radələrində Qazax rayonunun II Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkarlanıb, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 5-i azyaşlı olmaqla, altı nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Araşdırma zamanı onlardan 1997-ci il təvəllüdlü Bukavadze Aybəniz Rafiq qızının əvvəllər də eyni cinayət əməlini törətməsinə görə axtarışda olması müəyyənləşdirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.